Cəmiyyət

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Sharing is caring!

       Prezident İlham Əliyevin 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetində çıxışı hər bir vətəndaşımızın qəlbini riqqətə gətirmişdir. Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalandı. Universitetinin 1200 tələbəsi var. Ölkəmizin hər bir bölgəsindən tələbə var. Qarabağ Universitetinin yaradılması tarixi hadisədir.
       Dövlət başçısı vurğulamışdır ki, iki tərbiyə mənbəyi var – ailə və müəllim. Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bizim ənənələrimiz bunu diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə dəyərlərinin eybəcər formasına düşməsi haqlı olaraq ikrah hissi doğurur. Ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır.

       Əsas dəyərlərdən biri də tariximizdir. Gənc nəsil bu tarixi dəyərincə öyrənməlidir. XIX əsrin əvvəlində bağlanmış üç müqavilə – “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur.

     XX əsrin əvvəlində xalqımıza qarşı növbəti düşmənçilik addımları
atılmışdır. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdı, sovet Azərbaycanı Respublikasının tərkibində. Bu vilayətin tabeçiliyi Sovet İttifaqının mərkəzinə bağlanmışdı. Beləliklə, bu bölgəni Azərbaycandan ayırmaq üçün növbəti addım atıldı. Ondan üç il əvvəl Zəngəzuru bizdən aldılar, yəni Qərbi Zəngəzuru, tamamilə əsassız. Bunu 1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən bir neçə ay keçəndən sonra etdilər. 1923-cü ildə isə bizim canımıza növbəti saat bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdı.

       Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların
vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ
müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar.

        Mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzü göstərir. Sinəsini
qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz. Gələcəyə inam heç vaxt qırılmamalıdır. Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır.

Xudayar Sultanlı,

ADPU Cəlilabad filialının direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir