Cəmiyyət

Qohum evliliyi ilə mübarizə: Nikahı kəsən məmur da cəzalansın? – FOTO

Sharing is caring!

Azərbaycanda qohum evliliyi qadağan oluna bilər. Bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur.

Bəs belə evliliklərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Qohum evliliklərinin hansı zərərləri olur?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu deyib ki, statistikaya görə, belə evliliklərdən doğulan uşaqların əksəriyyəti qüsurlu olur:

“Bunun tibbi cəhətdən fəsadları barədə çox danışılır. Bəzən körpə sağlam doğulur, ancaq beş-altı yaşından sonra bəzi xəstəliklər özünü büruzə verməyə başlayır.

Mənəvi cəhətdən, dini baxımdan da bu hal utancverici sayılır, müsəlmanlar da, xristianlar da yaxın qohumla evlənməyə yaxşı baxmırlar.

Zatən bir-birini tanımayan insanların evliliklərində də müəyyən zamandan sonra problemlər, anlaşılmazlıqlar yaranır, ər-arvad bir-birindən uzaqlaşır. Əmiuşaqları, xalauşaqları və s. yaxın qohum evliliklərində isə hətta xırda problemlər belə, az qala, qan davasına gətirib çıxara bilər.

Belə evliliklərin qarşısını almaq üçün mübarizə aparılmalı, bəzi məhdudiyyətlər tətbiq edilməlidir. Yaxın qohum olanlara nikah bağlamaq qadağa olunmalı, erkən nikaha, qohum evliliyinə qarşı yerli icra hakimiyyətlərinin orqanları, qeyri-hökumət təşkilatları layihələr həyata keçirməli, yaxın qohum evliliyi edənlər məsuliyyətə cəlb olunmalıdırlar”.

Məsələni hüquqi baxımdan Oxu.Az-a şərh edən hüquqşünas Əliməmməd Nuriyev deyib ki, qohum evliliklərinin qarşısının alınması ilə bağlı dünyanın bir sıra ölkələrində qərarlar qəbul edilib:

“Yaxın qohumların evliliyi çox ciddi problemlərdən biridir. Tarixən də bu məsələ diqqət mərkəzində olub, müqəddəs kitablarda da yaxın qohumluq qadağan edilib.

Dünyanın bir çox ölkələrində bu problemlə bağlı bəzi normalar qəbul edilib. Xüsusilə, birinci və ikinci, bəzi hallarda üçüncü, …yeddinci dərəcəli qohumluğa qədər bu qadağalar tətbiq olunur. Məsələn, Amerika Birləşmiş Ştatlarının 30-dan artıq ştatında qohum evlilikləri qadağandır. Bu, Avropada da belədir. Roma Katolik Kilsəsinin də müvafiq qadağası var.

Azərbaycan qanunvericiliyində də bu məsələ öz əksini tapıb. Nikaha girən şəxslər tibbi müayinədən keçir və arayış alır, onu vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə məşğul olan quruma təqdim edirlər. Nikaha girmək istəyən şəxslər yaxın qohum olduqda qurumda onlara nikahdan vaz keçmək təklif edilir. Bunu qəbullanmaq isə həmişə tərəflərə asan olmur.

Yaxın qohumlar, tövsiyələrə rəğmən, evlənirlər, övladları isə talassemiya kimi ciddi xəstəliklərlə doğulurlar.

Həmçinin, bu, məişət zorakılığının da yaranmasına və güclənməsinə yol açır. Yaxın qohumları evliliyə sövq edən digər bir məsələ də ailəyə məxsus əmlakların nəsildən kənara çıxmamasıdır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar qeyd olunub. Belə ki, yaxın qohumların (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlərin və övladlığa götürülənlərin, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslərin, həmçinin qanunvericiliklə nəzərdə tutulan tibbi müayinədən keçməyən şəxslərin, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin nikaha girməsinə icazə verilmir”.

Ekspertin fikrincə, bu qanunlara bilərəkdən məhəl qoymayan şəxslərə ən azı intizam cəzaları tətbiq olunmalıdır:

“Məsələn, onlar işdən azad oluna bilərlər. Yaxud nikahları etibarsız sayıla bilər.

Hətta yaxın qohumluq faktını bilə-bilə belə şəxslərin nikahını kəsən məmur da cəzalandırıla bilər, çünki qanunlara sayğısızlıq qanun pozuntusudur. Həmçinin, rüşvət almaq ehtimalı da nəzərdən keçirilə bilər. İstənilən halda qohum evliliyi aşkarlanan zaman xidməti araşdırma da aparılmalıdır.

Əslində, müvafiq qurumlar – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, vətəndaş vəziyyəti aktlarını qeydiyyata alan idarələr – yaxın qohumların evliliyinin, erkən nikahların qarşısını almaq üçün təlimlər keçirirlər.

Ancaq bu maarifləndirici fəaliyyətləri genişləndirmək lazımdır. Həm sosial şəbəkələr, həm elektron kütləvi vasitələr, həm də məktəblərdə bu məsələnin təşviqi müəyyən nəticələr verə bilər”.

Aliyə Yahyayeva

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir