Cəmiyyət

Mikromobillik sahəsində yenilik – FOTO

Sharing is caring!


“Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, Bakıda vətəndaşların skuterləri səliqəli sürməsi üçün layihələr hazırlanır: “Çalışırıq ki, skuterlərin də velosipedlər kimi rahat hərəkəti təmin edilsin, eləcə də onlar üçün parkinq sahələri olsun”. Bunun üçün nələr edilməlidir?

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Dünya təcrübəsində belədir

Bu sahədə beynəlxalq təcrübə də maraqlıdır. ABŞ-də qaydalar əyalətə görə dəyişir. Pensilvaniya və Delaverdə küçələr və səkilər elektron skuterlər üçün qadağandır. Florida ştatında isə onlar yalnız velosiped yollarından istifadə edə bilərlər.

İngiltərədə skuterlərdən küçələrdə və velosiped yollarında istifadə edilə bilər. Səkilərdə isə onlardan istifadə qadağandır. Böyük Britaniyada vətəndaşların öz skuterlərindən istifadə etmələri qadağandır, skuteri yalnız icarəyə götürmək olar. 

Kanada da küçələrdə skuterin istifadəsini qadağan edib. Səkidə istifadəsinə icazə verilir, lakin piyadaların keçməsinə mane olarsa, cərimə tətbiq edilir. Həmçinin velosiped yollarında və gəzinti yerlərində istifadə edilə bilər. 

Qardaş Türkiyədə İzmir Böyükşəhər Bələdiyyəsi elektrikli skuterlər üçün xüsusi yol dizayn edib. Pilot ərazi olaraq Bornova axınının sahili seçilib. İstanbul Böyükşəhər Bələdiyyəsi isə skuterlərdən istifadə ilə bağlı yeni fəaliyyət planı həyata keçirəcək. İstanbulun müxtəlif nöqtələrində 1500 park yeri yaradılacaq. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, nazir müavininin bəhs etdiyi layihə hələ hazırlıq mərhələsindədir.

Ən son variant – şəxsi nəqliyyat

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, insanlar üçün bütün alternativləri yaratmalıyıq: “Əslində layihə bu vaxta qədər işlənilməli idi. İnsanların alternativləri olmalıdır. Tıxac olduqda insanlar hansı nəqliyyat vasitəsindən istifadə edəcəyinə özləri qərar verməlidirlər. Şərait yaradılmadığı təqdirdə şəhərdə avtomobilləşmə artacaq, tıxacların müddəti daha da uzanacaq”.  

Əyləncə vasitəsi, yoxsa?

R.Ağamirzəyevin fikrincə, skuterlər əyləncə vasitəsi kimi istifadə olunmaqdansa, minik növü olsalar daha yaxşı olar: “Bizim ölkədə mikromobillik vasitələrinə əyləncə kimi baxırlar. Parkda sürmək, əylənmək daha çox rast gəlinir. Amma bu, yanlışdır. Bulvar boyu ərazi böyük dəhlizdir. Həmin dəhliz boyu gedən yol mövcuddur. Bulvar daxilində velozolaq təşkil edilsə, Bayıl ərazisindən Yusif Səfərov küçəsinə qədər insanlar üçün alternativ formalaşar. Amma bir başqa nüans da var ki, bulvar xüsusi qorunan ərazilər siyahısındadır, milli parkdır. Orada hər hansı infrastrukturun həlli üçün əlavə icazələr alınmalıdır”. 

Zolaqları bir metr qısaltmaq mümkündür

Ekspert bildirdi ki, avtomobillər üçün olan zolaqlarda mikromobillik vasitələri üçün yol yaratmaq olar: “Yolun hərəkət hissəsində velosiped zolaqları təşkil etmək mümkündür. Bu vasitələr kiçik ölçülü olduğu üçün çox yer tutmayacaq. Avtomobillər üçün mövcud yol sahəmiz var. Zolaqların ölçüsü 3 metr 50 santimetr-3 metr 75 santimetrdir. Maşınların eni isə 2 metr 20 santimetr ölçüsündədir. Deməli, hər zolağı rahatlıqla 2 metr 50 santimetr etmək mümkündür. Artıq qalan sahəni mikromobillik vasitələri üçün hazırlamaq olar. Avtomobillər və avtobuslar daha diqqətli şəkildə hərəkət edə bilərlər. Lakin bunu səkiyə çıxmamaq şərti ilə etmək lazımdır”.  

Əlimizdə olan imkanlarla edə biləcəklərimiz

Müsahibimiz dayanacaq məsələsi ilə bağlı qeyd etdi ki, hər şeydən öncə infrastrukturu yaratmaq lazımdır: “Skuterlərə şərait qurulmayıb deyə, onlar hər yerdə saxlanılır. İnfrastruktur yaradılandan sonra bütün məsələlər öz həllini tapacaq. Bu halda nəzarət də güclənəcək. Mikromobillik vasitələri üçün yolun yaradılması tez və asan başa gələn prosesdir. Mikromobilliklə bağlı işlər digər proseslərlə paralel gedə bilər. Qısa və daha tez hiss olunan həllər mikromobillik vasitələridir. Amma orta və uzun vədəli olanlar isə relsli nəqliyyat – tramvay, metro, şəhərətrafı elektrik qatarı şəbəkəsinin qurulmasıdır. Onlar da vacibdir, amma bir az zaman alacaq. Bunlar həll olunana qədər əlimizdə olan imkanlarla mikromobilliyi təşkil etmək olar. Əgər zolaq olarsa, bu halda heç bir xaos da yaranmayacaq”. 

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi artıq Bakıda velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlayıb. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və bulvar ərazisini əhatə edəcək. Artıq müvafiq nişanlanma işlərinə başlanılıb. Növbəti mərhələdə yol nişanları, eyni zamanda təhlükəsizlik sədləri quraşdırılacaq. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir