Cəmiyyət

Şəkinin çağırılmamış “qonaq”ları: Ayılar artıq kəndlərə də gəlirlər – FOTO

Sharing is caring!


Qış fəslinin astanasında olmağımıza baxmayaraq, bir müddət əvvəl Şəkinin Baltalı və Zəydiz kəndlərində ayılar görünməyə başlayıb.

Maraqlıdır ki, adətən ayılar ilin bu fəslində qış yuxusuna getməlidirlər.

Bəs ayıların kəndlərə gəlməsinə səbəb nədir?

Bizim.media xəbər verir ki, Ayının göründüyü yaşayış məntəqələrindən biri rayonun Baltalı kəndidir. Bu kənd dağlıq və ya dağətəyi deyil, rayonun aran bölgəsində yerləşir və ayının bu qədər məsafə qət etməsi diqqəti cəlb edən əsas məqamlardan biridir.

Sakinlərin sözlərinə görə, vəhşi heyvan şəxsi təsərrüfatlara hər hansı zərər vurmasa da, insanları təşvişə salıb. İndi bu kənddə sakinlər səhər və axşamlar həyət-bacaya, küçəyə çıxarkən bir qədər ehtiyatlı davranmaq məcburiyyətindədirlər.

Ayıların dağdan enməsini dağətəyinə yaxın olan Baş Zəyzid kəndində də müşahidə edənlər olub. Əsasən də dağa yaxın həyətləri olan sakinlər bu halların əsasən gecələr müşahidə edildiyini bildiriblər.

AMEA-nın Şəki regional mərkəzindən bildirilib ki, dünyada iqlim dəyişikliyi probleminin artdığını nəzərə alsaq, belə halları artıq tez-tez müşahidə edəcəyik. Təsadüfi deyil ki, ölkə ərazisində olduğu kimi Şimal-Qərb bölgəsində də iqlimə uyğun olmayan hava şəraitinin müşahidə olunması ayıların qış yuxusuna getməsini gecikdirib. Bu səbəbdən onlar da hələlik yetərincə qidalana bilmədiklərindən azuqə dalınca gəlirlər.

Mütəxəssislər sakinlərə onu da tövsiyə edirlər ki, ayılarla qarşılaşdıqda onları əsəbiləşdirməyəcək şəkildə davransınlar və uzaq dayanıb hərəkətlərinə mane olmasınlar.

Yeri gəlmişkən, ekspert qiymətləndirmələrinə görə, qonur ayının Azərbaycan ərazilərindəki sayı, onların şimala doğru miqrasiyasını nəzərə almaqla, təqribən 500-700 baş arasında dəyişir. Böyük Qafqazın cənub yamaclarında da son illər qonur ayıların sayı durmadan artıb və onların sayının mini ötdüyü təxmin edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir