Cəmiyyət

Şadlıq evində gənci bıçaqlayan şəxs: “Birlikdə rəqs edib, araq içdik, sonra…”

Sharing is caring!


Bakıda şadlıq evində adam bıçaqlamaqda təqsirləndirilən 2006-cı il təvəllüdlü Polad Salmanovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravd.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Polad Salmanov dindirilərkən deyib ki, bu il aprelin 26-da Binəqədi rayonu, Binəqədi şosesində yerləşən şadlıq evlərindən birindəki toy məclisinə gedib. Toyda yeyib-içən zaman spirtli içki qəbul edib. Daha sonra zərərçəkmiş 2005-ci il təvəllüdlü Xəyal Hüseynov onu rəqsə dəvət edib. Orada onunla birlikdə rəqs edib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Xəyal onu özünün əyləşdiyi masaya dəvət edib:

“Xəyal ilə eyni masa arxasına əyləşdim, yenə spirtli içki qəbul etdim. Bir qədər sonra Xəyal məndən birlikdə siqaret almağa getməyi istədi. Onunla birlikdə siqaret almaq üçün şadlıq sarayının yanında yerləşən mağazaya yollandıq. Marketdə Xəyal mənə əl-qol atmağa başladı. Ondan 2-3 dəfə bunu etməməsini xahiş etdim. Xəyal siqareti alaraq mağazanı tərk etdi. Şadlıq evinə qayıdarkən Xəyal məndən 7-8 addım qabaqda gedirdi. Bu zaman tanımadığım 2 nəfər məni saxlayaraq Xəyalın içkili vəziyyətdə olduğunu və ona fikir verməməyimi bildirdi. Mən də Xəyalın dostum olduğunu həmin şəxslərə söylədim. Şadlıq sarayına daxil olub, pilləkənlərlə qalxarkən Xəyal məni çölə dəvət etdi. Orada o, əl-qol atdı, yəni yumruq zərbələri endirərək gözümü partlatdı. Sonra Xəyal məni yerə yıxaraq döyməyə başladı. Ona toy məclisində olduğumuzu, dava salmağın düzgün olmadığını bildirdim. Bundan sonra Xəyal məni təhqir etdi və ailəmin ünvanına, eyni zamanda mənim ünvanıma nalayiq ifadələr səsləndirdi.

Baş verənlər mənə pis təsir etdi və nüfuzuma toxundu. Ona görə də yuxarı çıxaraq foyedəki bardan meyvə bıçağını götürdüm və Xəyala yaxınlaşdım. Onu bıçaqla toy zalının qapısının yanında duran zaman vurdum. Xəyala bıçaqla zərbələri necə endirdiyimi xatırlamıram. Çünki həmin an spirtli içkinin təsirində idim. Məqsədim Xəyalı qorxutmaq olub. Daha sonra endirdiyim bıçaq zərbələrinin Xəyalın qoltuqaltı və sinə nahiyəsinə dəydiyini öyrəndim”.

Qeyd edək ki, hadisə bu il aprelin 26-da Binəqədi rayonu, Binəqədi şosesində yerləşən şadlıq evlərindən birində qeydə alınıb. Spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü Polad Vüqar oğlu Salmanov 2005-ci il təvəllüdlü Xəyal Səbuhi oğlu Hüseynova bıçaq xəsarəti yetirərək restorandan qaçıb. O, Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma – ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham edilib. Məhkəmənin hökmü ilə Polad Salmanov 6 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir