Cəmiyyət

Teymur Tkaçenko: “Ümidvaram ki, Ukraynada daha çox azərbaycanlı dövlət işlərində iştirak edəcək” – FOTO

Sharing is caring!


Ukraynada Prezident Volodimir Zelenskinin təklifi ilə yeni yaradılan və strateji əhəmiyyətli dövlət sahələrini əhatə edən Strateji Sənayelər Nazirliyində nazir müavini postuna bu günlərdə azərbaycanlı gənc, 34 yaşlı Teymur Tkaçenko (Məmmədov) təyin olunub. Onun kurasiya edəcəyi sahə strateji və önəmlidir, sığınacaqların təşkili ilə bağlıdır. Ötən il bu sahədə ciddi nöqsanlar və problemlər aşkarlanıb. Teymur Məmmədov 90-cı illərdə ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə Ukraynada Azərbaycan diasporunun quruculuğunda fəal iştirak edib. O, Ukrayna rəhbərliyi tərəfindən bir neçə dəfə təltif olunan, ilk prezident Leonid Kravçukun şəxsi dostu mərhum Firudin Məmmədovun oğludur.

“Report”un Şərqi Avropa bürosu azərbaycanlı nazir müavinin evində olub, ailəsi və özü ilə söhbətləşib. Azərbaycanlı nazir müavini bu ölkədə keçdiyi karyera yolundan da bəhs edib:

“Mən Teymur, ata soyadım ilə Məmmədovam. Azərbaycanlıyam, Kiyevdə anadan olmuşam. Anam ukraynalıdır. Atam bu yaxınlarda vəfat edib. O, həyatını Ukrayna-Azərbaycan münasibətlərinə həsr edib. Ukraynada Azərbaycan həqiqətlərini yaymağa çalışıb. Mən Firudin Məmmədovun oğlu olmaqla fəxr edirəm. Atam Ukraynada azərbaycanlıların diasporunun qurulmasında bütün mümkün işləri görüb. Təqaüdə çıxdıqdan sonra azərbaycanlı diaspor nümayəndələrinə biznes məsləhətləşmələri verməklə məşğul olub. Bütün vaxtını azərbaycanlılarla, diasporla işləməyə həsr edib. Əmək fəaliyyətimə 2012-ci ildə Kiyev şəhərinin rayonlarından birində kiçik bir kommunal müəssisədə işləməklə başlamışam. Həmişə atam kimi dövlət sektorunda işləmək istəmişəm, çünki onun ünsiyyət tərzi çox xoşuma gəlirdi. İnsanların problemlərini necə həll etdiyini izləməyi xoşlayırdım və mənə elə gəlirdi ki, mən də bunu bacararam. Bu mənim üçün bu istiqamətdə irəliləməyə imkan verən yaxşı bir təcrübə idi. Daha sonra bir müddət Ukraynada ixrac və yerli istehsalla bağlı müxtəlif məsələlərlə məşğul olmuşam. 2013-cü ildə İqtisadiyyat Nazirliyində tenderlər üzrə sahədə işimi davam etdirdim. Bu müəssisədə Ukraynada 2014-cü il inqilabına qədər işləmişəm. Sonra bu müəssisəni tərk etdim. Bu sahədə işləmək istəmədim. Məni 2012-ci ildə köməkçisi olduğum deputat yanına dəvət etdi. Siyasi sahədə də çalışdım. Vitali Kliçkonun partiyası ilə müəyyən əlaqəm oldu. Onunla bir komandada işləmişəm.

Ali Radanın deputatı, vaxtilə strateji sənaye naziri vəzifəsində çalışmış Pavel Ryabikinin köməkçisi-məsləhətçisi vəzifəsində işləmişəm. Hazırda o, Ukraynanın Çindəki səfiri vəzifəsində çalışır. 2014-cü ildə məni dövlət administrasiyasına dəvət etdilər. Kiyevdə rayonların birinin rəhbəri, deputatı kimi çalışdım. Volodimir Zelenski prezident olduqdan sonra mən vəzifəmi dəyişdim. Nazirlər Kabinetinin Şəhərsalma Departamentində şöbə müdiri vəzifəsinə qədər yüksəldim. İndi Prezident Ofisinin müşaviri vəzifəsində çalışan Aleksey Kuleba o vaxt Kiyev administrasiyasında şöbə müdiri idi. Mən onun birinci müavini oldum. Daha sonra Kiyev meri Vitali Kliçkonun birinci müavini oldum. Onun sərəncamı ilə şəhər administrasiyasının Şəhərsalma Departamentinin direktoru vəzifəsinə keçdim.

Hazırda isə yeni yaradılan Strateji Sənayelər Nazirliyində nazir müaviniyəm. Müharibə şəraitində sığınacaqlarla bağlı sahə mənə həvalə olunub. İyun ayındakı faciə bu sahədə ciddi problemləri üzə çıxardı. Belə ki, hava hücumları zamanı insanlar sığınacaqlara girə bilmədilər. Onların çoxu istifadəsiz halda qalmışdı. Ölkədə sığınacaq problemi strateji məsələyə çevrilib. Vilayət orqanlarında təcrübəm olduğu üçün bu vəzifəyə dəvət olundum. Burada insanlarla kommunikasiya və əlaqələr qurmaq, işlərin gedişatını izləmək çox vacibdir. Bizim əsas vəzifəmiz ölkəboyu sığınacaqların hazırlanmasıdır. Prezidentin hazırda qarşıya qoyduğu vəzifə bütün insanlar üçün 100 faizlik sığınacaqların hazırlanmasıdır. Strateji Sənaye Nazirliyində bu məsələ ilə məşğul oluram”.

“Ukraynaya göstərdiyi dəstəyə, tutduğu mövqeyə görə Azərbaycana minnətdaram. Mən bilirəm ki, bu gün bizə çoxlu yardım edilir. Bu müharibənin mümkün qədər tez və Ukraynanın qələbəsi ilə başa çatacağına ümid edirəm. Çox təəssüf ki, ata vətənim Azərbaycanda bir neçə dəfə olmuşam. Ora çox xoşuma gəldi. Atam Şəmkir rayonundandır. Lakin mən orada hələ olmamışam. Orada olmağı çox istərdim. 2022-ci ildə getmək istədim, müharibə başladığından arzum reallaşmadı. Atam Azərbaycandan tez-tez bəhs edir, oranın təbiətinin gözəl olduğundan danışardı. Azərbaycan mətbəxi çox xoşuma gəlir. Əlbəttə ki, Azərbaycana daha çox səyahət etmək istəyirəm. Mənim azərbaycanlı dostlarım var. Ukraynalılarla azərbaycanlılar dostdurlar. Ümid edirəm ki, daha çox azərbaycanlı Ukraynanın dövlət işlərində iştirak edəcək”, – deyə T.Məmmədov bildirib.

Azərbaycanlı nazir müavinin xanımı: “O, bir ər kimi qısqancdır”

Qeyd edək ki, ailəli olan Teymur Məmmədovun bir qız övladı var. Onun həyat yoldaşı Anna Məmmədova da Azərbaycanı və azərbaycanlıların fəaliyyətini yaxından izlədiyini deyib:

“Teymurla universitet illərində tanış olduq. O, məni gördü və dedi ki, “sən mənim olacaqsan”. Bu, əsl Azərbaycan kişisinin xarakterinə uyğun idi. Teymur bütün həyatı boyu qətiyyətli addımlar atıb. Onun bu xüsusiyyətini çox sevirəm. Bizim münasibətlərimiz birdən yarandı. Mən ukraynalı, Teymur isə başqa millətdən olduğu üçün əvvəl mənə bir az çətin idi. O, bir ər kimi qısqancdır. Bir sözlə, Şərq xarakterinə mənsub olan kişidir. İlk vaxtlar bu, mənim üçün yeni bir şey idi. Sonra öyrəşdim. Doğrudur, bununla bağlı hər hansı problemimiz yox idi. Onun atası Firudin Məmmədov qonaqpərvər, çoxlu dostu olan insan idi. Onun bu xüsusiyyətləri Teymura da keçib. Fikrimcə, Azərbaycanın ənənələrindən biri çox sayda insanı bir yerə toplamaq, qonaqpərvərlikdir.

Teymur yaşadığı mühitə də uyğun formalaşıb. O, bu xüsusiyyətləri özündə daşıyır. Əlbəttə ki, bununla da fəxr edirəm. Atası Firudin Məmmədov Azərbaycan haqqında çox danışardı bizə. Bizə Azərbaycanın təbiətindən, bu ölkənin gözəl yerlərindən bəhs edərdi. Ukraynadan Azərbaycan üçün darıxdığını deyirdi. Firudin dayı, tək Azərbaycan mətbəxi barədə danışmırdı, həm də milli yeməklərinizi özü hazırlayırdı. Məsələn, plovu nümunə göstərmək olar. Bizim toyumuzda o bunu sürpriz etdi və yüz nəfərlik qonağı üçün Azərbaycan plovu hazırladı. Bizim bir qızımız var. Onun adı Alisadır, 5 yaşı var. Xarici görüşünə, həm də xarakterinə görə atasına daha çox oxşayır.

Teymurla qürur duyuram. Onun necə zəhmət çəkdiyini görürəm. Qazandığı nailiyyətlər yalnız onun əməyinin nəticəsidir. Əlbəttə ki, çətindir, çünki hazırkı ölkədə vəziyyətə görə evə gec gəlir. Amma mənim üçün bu dəqiqələr də çox qiymətlidir”.

“10-dan çox azərbaycanlının ölkənin müxtəlif bölgələrində yerli seçkili orqanlara seçilib”

Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev deyib ki, son illər ölkədə etnik xalqların, o cümlədən azərbaycanlıların administrativ və seçkili orqanlarda fəallığı artıb. O, son illər 10-dan çox azərbaycanlının ölkənin müxtəlif bölgələrində yerli seçkili orqanlara seçildiyini bildirir:

“Ukrayna çoxmillətli dövlətdir. Bəziləri iddia edirdilər ki, Ukraynada millətçilik geniş yayılıb. Amma bu, doğru deyil. Ukrayna Prezidenti Volodimir Zelenski yəhudi, müdafiə naziri Rüstəm Umerov isə Krım tatarıdır. Digər etnik xalqların nümayəndələri Ukraynanın ictimai-siyasi həyatında fəal şəkildə iştirak edə bilər. Ukraynada etnik azərbaycanlılar da müxtəlif vəzifələrdə çalışırlar. Buraya Energetika Nazirliyi, Strateji Sənaye Nazirliyi və s. daxildir. Yeri gəlmişkən, bu yaxınlarda Teymur Məmmədovun nazir müavini təyin olunması buradakı azərbaycanlıları üçün stimul oldu. O, uzun illərdir ki, qarşısına qoyulan vəzifələri uğurla həyata keçirir. Teymur bizim ölkəmiz üçün lazım olan layihələri həyata keçirir. Xüsusilə də müharibə dövründə. Bu nümunə Ukraynanın çoxmillətli, multikultural dövlət olduğunu bir daha təsdiqləyir”.

Qeyd edək ki, Teymur Məmmədov müharibə dövründə Ukrayna hökumətində yüksək posta təyin edilən ilk azərbaycanlıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir