Cəmiyyət

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında yenə uğur qazandılar – FOTO

Sharing is caring!


28 avqust – 4 sentyabr 2023-cü il tarixlərində Macarıstanın Seged şəhərində 35-ci Beynəlxalq İnformatika Olimpiadası təşkil edilib.

Olimpiadanın 2 yarış günü ərzində şagirdlərə həll etmək üçün hər gün 3 alqoritmik məsələ olmaqla, 5 saat vaxt verilib.

87 ölkə və 351 məktəblinin yarışdığı olimpiadada məktəblilərimiz uğurla çıxış edərək adlarını mükafatçılar siyahısına yazdırıblar.

Ölkəmizi təmsil edən şagirdlər yarışı 1 bürünc medal və 2 həvəsləndirici mükafatla başa vurublar.

Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Fuad Qarayev bürünc medal, Bakı şəhəri 245 nömrəli tam orta məktəbin XI sinif şagirdi Sahib Əliyev və Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fidan Hüseynova isə həvəsləndirici mükafat qazanıblar.

Qeyd edək ki, şagirdlərin hazırlıq prosesinə gənc müəllimlər Rəşad Məmmədov və İbrahim Tağızadə öz töhfələrini veriblər.

Şagirdlərimiz 1994-cü ildən etibarən bu müsabiqədə iştirak edirlər. Builki nailiyyətlərlə birgə bu günədək sözügedən olimpiadadan ümumilikdə 1 gümüş, 11 bürünc medal əldə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir