Cəmiyyət

Azərbaycanda yeni sığorta növləri niyə yaradılmır?

Sharing is caring!


Azərbaycanda uzun illərdir ki, yeni sığorta növləri yaradılmır.

Halbuki, Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nda ölkədə yeni sığorta növlərinin yaradılması nəzərdə tutulub.

İnkişaf etmiş ölkələrin təcrübəsi isə göstərir ki, az qala hər il yeni sığorta növü formalaşdırmaq və uğurla tətbiq etmək mümkündür. Bəs Azərbaycan beynəlxalq təcrübədən niyə faydalanmır? Ölkədə yeni sığorta növlərinin yaradılmasına nə mane olur? “Report” bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Sığorta bazarı üzrə ekspert Kamran Babayev hesab edir ki, Azərbaycanın sığorta bazarı, maliyyə xidməti istehlakçıları yeni sığorta növlərini qəbul etməyə hazır deyil:

“Beynəlxalq təcrübədə bir çox sığorta növləri var ki, bu gün Azərbaycanda yoxdur. Onların ölkədə tətbiqi üçün yerli sığorta şirkətlərinin təşəbbüsü olmalıdır. Amma cəmiyyətin sığorta bazarına inamı azdır və yəni sığorta növlərinə ehtiyac duymur. Halbuki, bir neçə sığorta növü var ki, onları Azərbaycanda tətbiq etmək olar. Məsələn, Avropa ölkələrində kiberhücumlardan sığorta sürətlə yayılmaqdadır. Həmçinin direktorun məsuliyyət sığortası çox satılan sığorta növüdür. Şirkət direktorları özlərini səhv etməkdən sığortalayır. Şirkətin sahibləri da bunu bilir və özlərini sığortalı hiss edirlər. Bu sığorta növü bizdə yaradılsa, yaxşı olardı”.

“Hər bir sığorta məhsulunu bazara təklif etməzdən əvvəl araşdırma aparmaq lazımdır. Vətəndaşlar bu məhsulu niyə almalıdırlar? Məhsul necə satılmalıdır? Bu məqsədlə satış kanalları olmalıdır. Azərbaycanda klassik sığorta növləri az-çox inkişaf etsə də, qeyri klassik sığorta növlərinə hələ tələbat yoxdur”, – deyə K.Babayev əlavə edib.

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyindən isə “Report”un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) və ASA-nın təşəbbüsləri ilə inkişaf etmiş ölkələrin sığorta təcrübəsi, eləcə də onların sığorta məhsulu siyasətləri yaxından izlənilir və öyrənilir:

“Hazırkı məqamda yerli sığorta bazarının təklif etdiyi sığorta məhsullarının say və çeşidlilik səviyyəsi əhatəli və kifayət qədərdir. İstər AMB, istərsə də ASA sığorta məhsulu siyasətinə daim önəm verir, diqqətdə saxlayır, bununla bağlı mütəmadi araşdırmalar aparır. Əldə olunan nəticələr tələb-təklif faktoruna, habelə yerli bazar şərtlərinə uyğunlaşdırılmaqla tövsiyə olunur. Ehtiyac yarandığı təqdirdə həmin məhsullar dizayn olunaraq bazara çıxarılır. Yəni bu gün yerli sığorta bazarı iştirakçıları yeni sığorta məhsulu hazırlamaqdan həm çəkinmir, həm də maraqlıdır”.

“ASA-nın müşahidələrinə əsasən, yerli sığorta bazarı iştirakçılarının intensiv olaraq apardıqları statistik bazar araşdırmaları və daim peşəkarlıqla izlədikləri tələb-təklif siyasəti nəticəsində bu gün sığorta sektorumuzda könüllü sığorta növləri üzrə məhsul çeşidliliyi kifayət qədər geniş və əhatəlidir. Dünya sığorta bazarlarında olduğu kimi, yerli sığorta bazarında da yeni sığorta məhsullarının tərtib olunub bazara çıxarılması sosial-iqtisadi istiqamətdə qeydə alınan dövrü statistik nəticələr üzərində aparılan araşdırmalarla və nəticədə təsbit olunan tələb-təklif faktoru ilə bilavasitə bağlıdır. Yerli sığorta bazarı iştirakçılarının təkliflərinə nəzər salsaq görürük ki, təklif olunan könüllü məhsulların dövrün tələblərinə uyğunlaşması, habelə müvafiq məhsullarla bağlı təklif olunan kampaniyalar sığorta xidmətlərinin sayının artırılmasına, o cümlədən bütün əhali təbəqələrinin sığortaya əlçatanlığının təmin olunmasına hesablanıb”, – deyə açıqlamada qeyd olunub.

Hazırda Azərbaycanın sığorta bazarında 5 icbari, 30 könüllü sığorta növü təklif olunur. Hər bir icbari sığorta növü öz-özlüyündə sığorta məhsulu olsa da, hər bir könüllü sığorta növü üzrə təklif olunan məhsul çeşidliliyi mövcuddur. Belə ki, sığorta şirkətləri bu gün bir könüllü sığorta növü üzrə bir neçə sığorta məhsulu təklif edə bilirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir