Cəmiyyət

Səkilərin avtomobillər tərəfindən zəbt olunmaması üçün hansı tədbir görülməlidir? – DYP-dən TƏKLİF + FOTO

Sharing is caring!


Paytaxtın Nizami rayonunda səkilərin zəbt edilməsi sakinləri narahat edir. Təəssüf ki, dəfələrlə bu barədə sürücülərə müraciət edilsə də, problem elə olduğu kimi qalır. 

Yerli icra hakimiyyətləri orqanları səkiləri zəbt edən nəqliyyat vasitələrinə müdaxilə edə bilmir. Nəqliyyat vasitələrinin səkiləri zəbt etməsinin qarşısını necə almaq olar? Yazılan cərimələr bu qədər azdır ki, sürücülər həmin məbləği ödəməkdən “həzz” alırlar?

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyir ki, dayanma-durmanın qadağan olunduğu ərazilərdə nəqliyyat vasitələrini qaydalara uyğun olmayan formada park edən sürücülər DYP əməkdaşları tərəfindən qanuni tədbirlər həm avtomatik rejimdə, həm də mütəmadi olaraq ərazidə xidmət aparan YPX inspektorları tərəfindən aşkarlanır.

O bildirib ki, təəssüf ki, DYP əməkdaşları bu kimi hallarda sadəcə İnzibati Xətalar Məcəlləsinin (İXM) 346-cı maddəsinin birinci və ikinci bəndinin tələblərinə əsasən sürücüyə cərimə protokolu tətbiq etməklə kifayətlənə bilirlər:

“Yol hərəkəti haqqında” Qanuna əsasən, səkilərdə nəqliyyat vasitələrini park etmək də dayanma-durma qaydalarının kobud şəkildə pozulması deməkdir. Sadəcə olaraq Dövlət Yol Polisinin bu kimi halları aşkar etdiyi zaman bütün nəqliyyat vasitələrini ərazidən uzaqlaşdırmaq imkanı məhduddur. Biz, əsasən müvafiq protokol tərtib edirik. Evakuator xidməti ilə nəqliyyat vasitəsinin ərazidən uzaqlaşdırılması o hallarda həyata keçirilir ki, qanunsuz park edilən avtomobil nəqliyyatın və piyadaların hərəkətinə son dərəcə ciddi şəkildə, təxirə salınmaz formada problem yaratsın”.

Polis mayoru səkilərin parklanma yeri kimi istifadəsinin qarşısını almaq və hərəkət iştirakçılarının rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə aidiyyəti qurumlara təklif kimi səkilərin mühafizəyə alınmasının əhəmiyyətini vurğulayıb:

“Səkilər mühafizə olunarsa, nəqliyyat vasitələri tərəfindən zəbt olunma hallarının da qarşısı alınar. Bu təcrübə artıq paytaxtın bir sıra küçə və prospektlərində tətbiq edilir və müsbət nəticə də əldə edilib. Səkilərin ətrafında müəyyən maneələrin quraşdırılması sürücülərin nəqliyyat vasitələrini səkilərin üzərinə çıxarılmasına fiziki mane olur ki, xəta baş vermədən artıq problem öz həllini tapır. Sırf bu məqsədlər üçün mühafizə metodlarının paytaxtın digər zəruri olan, mütəmadi formada qayda pozulan bütün küçə və prospektlərində tətbiq edilməsini isə son dərəcə faydalı hesab edirik”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir