Cəmiyyət

Azərbaycanda ötən il qeydə alınan cinayətlərin sayı AÇIQLANDI

Sharing is caring!

2022-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 36 494 cinayət qeydə alınıb və onlardan 95,2 faizi daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün Nazirlikdə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edərkən deyib.

O vurğulayıb ki, cinayətlərin 83,4 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 89,7 faizinin açılması təmin edilib. Ayrı-ayrı hüquqazidd əməllərin açılmasının nəticələri də yüksək olmaqla ağır və xüsusilə ağır cinayətlərin 85,3, qeyri-aşkar şəraitdə baş verənlərin 85,7, şəxsiyyət əleyhinə olanların 98,2, mülkiyyət əleyhinə olanların 81,8 faizi açılıb.

Prokurorluq orqanları ilə birgə cinayətlərin   qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən keçmiş illərdən bağlı qalmış 368 cinayət üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub.

O da qeyd olunub ki, müqayisə edilən dövrə nisbətən 2022-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 2,4, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13, qəsdən sağlamlığa ağır zərər vurmalar 5, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17,6, ailə münaqişəsi zəminində törədilənlər 2,4, mal-qara oğurluğu 21,3 faiz azalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir