Cəmiyyət

Masazır qəsəbəsinin sakinləri küçələrdəki şəraitsizlikdən əziyyət çəkirlər – FOTO

Sharing is caring!

Masazır qəsəbəsinin sakinləri küçələrdəki şəraitsizlikdən əziyyət çəkirlər.

Bu məsələ ilə bağlı Oxu.Az-a qəsəbə sakini Reyhanə İsmayılova tərəfindən şikayət daxil olub.

R.İsmayılovanın sözlərinə görə, Masazır qəsəbəsinin Xurşidbanu Natəvan, Rafiq Dünyamalıyev və Məmməd Araz küçələrinin asfalt örtüyü yoxdur:

“Payız və qış fəsillərində yollarda gediş-gəliş çətinləşir, dayanacağa çatana qədər uşaqlar palçıq içində olurlar, əyinlərindəki paltarlar batır”.

Qəsəbə sakini elektrik dirəklərinin də bərbad vəziyyətdə olduğunu qeyd edib:

“Naqillər sınıq taxta dirəklərin üzərindədir, hətta bəzi naqillər yerə dəyir. Bu isə insan həyatı üçün böyük təhlükədir. Körpə uşaqlar küçədə oynadıqları zaman naqillərin ətrafından keçirlər və istəmədən toxunurlar. Bununla yanaşı, məhəllələrdə küçələrin gecə işıqlandırılması da yoxdur”.

Reyhan İsmayılova kanalizasiya xətlərinin bərbad vəziyyətdə olduğunu deyib:

“Yağış yağan kimi hər yer su və palçıq içərisində qalır. Zibil qutuları isə köhnə və istifadəyə yararsızdır.

300-dən çox ailənin yaşadığı bu üç küçənin ərazisində cəmisi bir tərəfdə üç, digər tərəfdə dörd zibil qabı var. Onlar da çox gec boşaldılır, hətta bayram başlayandan heç boşaldılmayıb, yanından keçmək mümkün deyil. Yeni, standartlara uyğun, qapağı olan zibil qabları qoymaları daha məqsədəuyğun olardı”.

Şikayətçi dəfələrlə aidiyyəti qurumlara müraciət etdiyini əlavə edib:

“Biz dəfələrlə bu məsələlərlə bağlı bələdiyyə, icra hakimiyyəti və s. aidiyyəti orqanlara müraciət etmişik. Lakin ya müraciətlərimiz cavablandırılmayıb, ya da “həll edirik” deyilib, nəticə isə yoxdur”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir