Cəmiyyət

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırdı – FOTO

Sharing is caring!

İdman Araşdırmalar Mərkəzinin (İAM) “İlin Qalibləri – 2022” layihəsi üzrə “Qızıl onluq” adlı mükafatlandırma mərasimi keçirilib.

“Report”un məlumatına görə, hotellərin birində təşkil olunmuş tədbirdə idman ictimaiyyətinin tanınmış nümayəndələri, jurnalistlər, fəxri qonaqlar və millət vəkilləri iştirak ediblər.

Mərasim 1 dəqiqəlik sükutla başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçmiş şəhidlərin, ötən həftə avtomobil qəzasında dünyasını dəyişən idman şərhçisi Elvin Rüstəmovun, eləcə də vəfat etmiş digər jurnalistləin əziz xatirələri yad olunub.

Tədbiri giriş sözü ilə açan İAM sədri, Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin İdarə Heyətinin üzvü, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov iştirakçıları salamlayaraq, qalibləri təbrik edib. Çıxışında Qusarda minifutbola olan maraqdan danışan Məmmədov “Azfar”a çağırış edib.

Daha sonra E.Məmmədov əvvəlcə “Report” informasiya agentliyinin baş redaktoru Murad Əliyevi, ardınca isə “İl Azero”nun nümayəndəsi Elvin Abulovu səhnəyə dəvət edərək, onlara “Etibarlı tərəfdaş” plaketini təqdim edib. Səhnədə həm “Report”, həm də “İl Azero” loqoları nümayiş etdirilib.

Bundan başqa, “Report”un idman departamentinin redaktoru Zaur Xudiyevə tədbirdə nominasiyalar üzrə mükafatlandırılacaq qalibləri düzgün müəyyənləşdirdiyi üçün Qusar Olimpiya İdman Kompleksinin xüsusi hədiyyəsi verilib.

Daha sonra mükafatlandırma mərasimi başlayıb. Əvvəlcə ilin idman xadimi nominasiyası üzrə qalibin adı elan olunub. Bu ada gənclər və idman naziri Fərid Qayıbov layiq görülüb. Nazirə mükfatı veteran futbolçu, olimpiya çempionu, “Sabah” klubunun Müşahidə Şurasının üzvü İqor Ponomaryov təqdim edib.

Sorğuda iştirak edən media nümayəndələrinə təşəkkürünü bildirən F.Qayıbov jurnalistlərdən bir daha onu seçməmələrini xahiş edib:

“Belə mükafatları qəbul etmək mənim üçün çətindir. Çünki Gənclər və İdman Nazirliyinin bütün əməkdaşları kimi öz işimi görürəm. Açığı, ilin idman xadimi seçilməyim mənə təəccüblü gəldi. Çünki idman naziriyəm və bu, mənim işimdir. Düzünü desəm, mükafatlandırma mərasiminə gəlmək belə istəmirdim (gülür). Amma sonra mənə dedilər ki, bu, jurnalistlərin seçimidir”.

Ardınca ilin idmançısı açıqlanıb. İkiqat dünya və ikiqat Avropa çempionu, bu il Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarının qalibi, yunan-Roma güləşçisi Eldəniz Əzizli bu nominasiya üzrə qalib olub. 30 yaşlı titullu idmançıya mükafatı təqdim etmək üçün səhnəyə bir ikiqat dünya çempionu, eləcə də Avropa Oyunlarının ikiqat qalibi və 8 qat Avropa çempionu, qadın güləşçi Mariya Stadnik dəvət olunub.

İlin xanım qalibini elan etmək gənclər və idman naziri Fərid Qayıbova həvalə olunub. O, zərfi açaraq, sözügedən nominasiya üzrə ən çox səs toplayan bu il şahmat üzrə 20 yaşlılar arasında dünya çempionu olmuş Gövhər Beydullayevanı mükafatını almaq üçün səhnəyə çağırıb. Xanım şahmatçı Fərid Qayıbovdan plaketi, “İl Azero”dan isə hədiyyəni qəbul edib

Daha sonra ilin məşqçisi adına layiq görülən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tədbir iştirakçılarının qarşısına çıxıb. 50 yaşlı mütəxəssisə mükafatı AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim edib.

Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” isə ilin komandası nominasiyasında bütün rəqiblərini qabaqlayaraq, birinci yeri tutub. Klubun direktoru Emrah Çelikel plaket və hədiyyəni 44 günlük Vətən müharibəsi qazisi, “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş polkovnik-leytenant Vüsal Nağıyevdən alıb.

Bu il fərdi növlərlə yanaşı, komanda yarışlarında da iki qalib seçilib. Minifutbol üzrə Azərbaycan yığması ilin milli səviyyədə komandası adına layiq görülüb. Mükafat milli komandanın baş məşqçisi Elşad Quliyevə təqdim edilib. Azərbaycan Minifutbol Federasiyasına isə kütləvilik baxımından fəal federasiya kimi xüsusi mükafat verilib. Mükafatı qurumun prezidenti Taleh Nəsibov alıb.

Bakıda keçirilmiş Yunan-Roma güləşi üzrə Dünya Kuboku ilin idman yarışı nominasiyasında qalib olub. Mükafatı almaq üçün səhnəyə Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov dəvət olunub. Ona plaketi və xüsusi mükafatı Milli Məclisdə 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə təqdim edib.

İlin əcnəbi futbolçusu adına “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges layiq görülüb. Braziliyalı yarımmüdafiəçinin mükafatını 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev verib.

Nəhayət, ilin futbolçusu nominasiyası üzrə qalibin adı açıqlanıb. Sözügedən mükafata Azərbaycan millisinin və “Neftçi”nin kapitanı Emin Mahmudov sahib çıxıb. 30 yaşlı yarımmüdafiəçi mükafatını Peşəkar Futbol Liqasının yeni prezidenti Elxan Səmədovdan qəbul edib. Daha sonra yığmanın baş məşqçisi Canni De Byazinin Mahmudov üçün təbrik videomesajı monitorda nümayiş etdirilib.

Elşən Məmmədovun final nitqindən sonra ilin qalibləri yenidən səhnəyə çıxaraq, xatirə şəkli çəkdiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir