Cəmiyyət

Anaları öldürən etinasızlıq: “Paytaxtdan bölgəyə gələn mütəxəssis bəs necə işləsin?” – FOTO

Sharing is caring!

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən illərə nisbətən doğuş zamanı və ya doğuşdan sonra ölən anaların sayı artıb. Bu kimi hallara daha çox regionlarda rast gəlinir. Bəziləri mütəxəssis çatışmazlığından bu halların geniş yayıldığını deyirlər. Bir qismi isə yaş kateqoriyasını əsas gətirir.

Hamilələr və yeni ana olan qadınlar arasında ölüm hallarının artmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən mama-ginekoloq Fəxranə Hüseynzadənin sözlərinə görə, ölüm hallarının artmasının yaşla bağlılığı yoxdur:

“Ana olacaq qadınlar doqquz ay ərzində həkim nəzarətində olmalıdırlar. Bu çox problemli məsələdir. Əsasən də regionlarda rast gəlinir. Doğuşdan öncə də, sonra da həkim nəzarətində olmalıdırlar. Doğuşdan sonra biz anaya vaxt qoyuruq ki, məsələn, filan gün yoxlanışa gəl. Lakin əksəriyyəti geri dönüş etmir. Düşünür ki, doğuş etmişəm, artıq heç bir müayinəyə ehtiyac yoxdur. Əsasən, 40 gün sonra biz təkrar müayinəyə dəvət edirik, çünki problemlər ilk 40 gün ərzində bilinir. Ölüm halları yaşla bağlı deyil”.

F.Hüseynzadə qeyd edib ki, regionlarda mütəxəssis azlığı ana ölümlərinin əsas səbəbidir:

“Doğuş zamanı və ya doğuşdan sonra ana ölümünə rast gəlinir. Düşünürəm ki, tibdə artıq irəliləyişlər var. Əvvəllər ana ölümləri daha çox idi. Çox faktın üstü açılmırdı. İndi isə bütün dünyada ana ölümlərinin sayının artması yaxşı hal kimi qarşılanmır. Ana ölümü, mənim fikrimcə,  bizdə çoxalmayıb.

Düşünürəm ki, səbəbi regionlarda yaxşı mütəxəssis azlığından qaynaqlanır. Ginekoloqlarla yanaşı, bəzən digər sahələr üzrə həkimlərin çatışmazlığı da problem yaradır. Məsələn, regionlarda hər xəstəxanada gecə vaxtlarında anestezioloq tapmazsan. Bəzən də doğuş şöbəsinə uyğun otaqlar olmur.

Mütəxəssislər yetişdirib, bölgələrə göndərmək lazımdır. Yaxşı mütəxəssislərin hamısı Bakıda toplaşıb. Çünki bölgələrdə uyğun avadanlıqlar yoxdur. Paytaxtdan bölgəyə gələn mütəxəssis bəs necə işləsin?”

Terapevt Nuranə Məhərrəmova isə əlavə edib ki, ölüm hallarına səhlənkarlıq səbəbindən də rast gəlinir:

“Ana olmaq çox gözəl hissdir. Amma bunun da müsbət və mənfi tərəfləri var. Bəzən səhlənkarlıq səbəbindən ölüm halları baş verir. Xüsusən də erkən və gec yaşlarda ana olanlarda. Erkən yaşlarda xüsusən daha çoxdur. Orqanizm hamiləliyə tam hazır olmalıdır. Qadınlar qidalanmalarına fikir verməlidirlər. Lakin diqqət etmirlər. Çünki ana olmağın məsuliyyətini dərk edə bilmirlər. Hamilə qalarkən qadın tək ginekoloq yox, terapevt müayinəsindən də keçməlidir. Orqanizmin mübadilə sistemi var. Gizli xəstəlik ola bilər. Qanaxmadan da ölüm hallarına rast gəlinir. Yəni orqanizmin durumuna qarşı etinasızlıq ölümə gətirib çıxarır”.

N.Məhərrəmovanın sözlərinə görə, hamiləlikdən öncə bütün daxili orqanlar müayinədən keçirilməlidir:

“Ən yaxşısı o olardı ki, qadın hamiləliyi planlaşdırırsa, mütləq şəkildə daxil orqanları müayinədən keçirilməlidir. İrsi, genetik faktorlara diqqət edilməlidir. 

Hamiləlik hormonal dəyişiklik deməkdir. Bu dəyişikliklər doğuşdan sonra da davam edir. Bu dövr çox həssas, təhlükəlidir. Hətta psixoloji problemlər də yarana bilər. Doğuşdan sonrakı 40 günə xüsusi diqqət yetirilməlidir. Qadının sinir sistemi pozula, bəzən öz övladını istəməyə bilər”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir