Cəmiyyət

TERROR VƏ VANDALİZM ERMƏNİSTANIN DÖVLƏT SİYASƏTİDİR

Sharing is caring!

İşğalçı ölkənin ordusu 44 günlük döyüş zamanı təxribatlara əl atmaqla, beynəlxalq hüququn norma və prinsiplərini, habelə razılaşdırılan humanitar atəşkəs rejimini də kobudcasına pozaraq cəbhəboyu, həmçinin döyüş zonasından uzaq məsafədə yerləşən rayon və kəndlərimizi, şəhərlərimizi atəşə tutdu, hirs-hikkəsini, nifrətini günahsız insanlardan çıxmağa çalışdı, insanlığa sığmayan əməllər törətdi, uşaqları, qocaları öldürməkdən, mülki infrastrukturu dağıtmaqdan belə çəkinmədi. Düşmənin Naftalan, Tərtər, Ağdam, Daşkəsən, Gəncə şəhərlərini, həmçinin digər yaşayış məntəqələrimizi müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutması, nəticədə neçə-neçə mülki əhalinin həyatını itirməsi, yaralanması, onların arasında uşaqların da olması işğalçının beynəlxalq hüququn norma və prinsiplərinə saymazlığını göstərdi, onun sülh və insanlıq əleyhinə yönələn təcavüzkar xislətindən, müharibə və terror prinsiplərinə sadiqliyindən xəbər verdi. Bərdədə törətdiyi terror aktları isə Ermənistanın faşist mahiyyətini bir daha nümayiş etdirdi. Bu vandalizm, barbarlıq aciz vəziyyətə düşən Ermənistanın cəbhədəki məğlubiyyətinin heyfini dinc insanlardan alması məqsədi daşıyırdı. Ölənlər və yaralananlar arasında körpələrin olması isə onun qəddarlığının, insanlığa sığmayan əməllərinin göstəricisi idi.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. İşğalın nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilib. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.
Ermənistanın öz ərazisindən Azərbaycan şəhərlərini raket atəşinə tutmasının arxasında həm də məkrli niyyəti dayanırdı. İşğalçı dövlət bununla Azərbaycanı eyni tərzdə cavab verməyə təhrik etmək, münaqişənin coğrafiyasını genişləndirmək, beləliklə də münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdürdü. Düşmən bütün bunlarla bərabər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq istəyini ifadə edirdi. Amma yanılırdı, unudurdu ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti və xalqımızın dəstəyi ilə tezliklə tarixi torpaqlarımızdan, o cümlədən Laçından qovulub çıxarılacaq, terroru dövlət siyasəti səviyyəsində həyata keçirən, vətəndaşlarımıza qarşı soyqırımlar törədən, nahaq qanlar tökən qatilə layiqli cavab veriləcək.
Aqil Nəzərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir