Cəmiyyət

FÜZULİNİN İŞĞALDAN AZAD EDİLMƏSİ
STRATEJİ ƏHƏMİYYƏTLİ HADİSƏ OLDU

Sharing is caring!

Hər bir müharibənin nəticəsi, onun necə aparılması, hansı xarakter daşımasından və necə başa çatmasından asılıdır. 44 günlük Vətən müharibəsi, adından da göründüyü kimi, Vətənin müdafiəsi, onun erməni işğalından azad edilməsi məqsədi daşıyırdı. 1994-cü ildə atəşkəs elan olunmasına baxmayaraq, düşmən tərəfdən davamlı olaraq atəşkəs rejimi pozulmuş və hərbi təxribatlar törədilmişdir. Son təxribat isə real müharibə müstəvisinə keçdi və düşmən layiqli cavabını, xalqımız isə erməni işğalçıları tərəfindən törədilən bütün vəhşiliklərin, terror aktlarının, şəhidlərimizin qisasını aldı. Bu müharibə 30 ilə yaxın müddət ərzində əyilmiş qamətimizi dikəltdi, alımızı açıq etdi. Ən vacib nəticələrindən biri məhz xalqımızın özünə inamının, öz gücünə inamının artması oldu. Məhz əsgər və zabitlərimizin igidliyi, Prezident İlham Əliyevin yüksək sərkərdəlik məharəti nəticəsində xalqımız birlik göstərdi və tarixi ədaləti bərpa etdi. Yəni, Azərbaycan heç bir beynəlxalq norma və prinsipləri pozmadan, humanizm göstərərək ədalətli və həm də ləyaqətli müharibə apardı. Biz həm də ləyaqətli müharibə aparmaqla dünyaya yeni humanizm prinsiplərini aşıladıq. Ermənistanın dinc əhaliyə qarşı törətdiyi hərbi terrora cavab yalnız döyüş meydanında oldu.
Bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzuli işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi.
Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Rəşadətli Ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir.
. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır. Deyilənlərdən belə nəticə hasil olur ki, Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionda yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır.
Fizuli Cəfərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir