Cəmiyyət

TARİXİ QƏLƏBƏMİZ REGİONDA
YENİ DÖVRÜN BAŞLANĞICIDIR

Sharing is caring!

Öz müdrik və müstəqil siyasəti ilə müstəqilliyimizi möhkəmləndirən, sarsılmaz edən Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad edərək, müstəqillik və dövlətçilik tariximizin şanlı qəhrəmanlıq salnaməsini yaratdı. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Ötən bir il ərzində şəhər və kəndlərimizin bərpası ilə bağlı böyük işlər görülüb. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – yüz mindən çox mina basdırılıb. Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur. Həyət tipli plan quruluşlarına malik yaşayış məhəlləsinin inşasında ənənəviliklə müasirlik vəhdət təşkil edəcək. Bu kompleks şəhərin gələcək memarlıq simasının müəyyənləşməsinə təkan verəcək. Məhəllədə, həmçinin iş mərkəzlərinin, ticarət, ictimai iaşə, mədəniyyət və məişət-kommunal obyektlərinin yerləşməsi nəzərdə tutulur. Ərazi yaşıllıq sahələri ilə əhatə olunacaq, hovuzlar və fəvvarələr quraşdırılacaq, velosiped yolları salınacaq. Yaradılacaq şərait doğma yurdlarına qayıdacaq rayon sakinləri üçün rahat şəhər mühitinin təşkilində mühüm rol oynayacaq.
Hazırda Azərbaycan tarixinin ən şərəfli səhifələri yazılır. Bu səhifələr xalqımızın milli-mənəvi birliyi, ordumuzun igidliyi, rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılır. 30 ilə yaxın düşmən tapdağı altında qalan bütün torpaqlarımız yeni dövrə qədəm qoyur, Qarabağ, Şərqi Zəngəzur öz tarixi, mədəniyyəti, musiqisi, qan yaddaşı ilə yenidən doğulur, dirçəlir. Mən inanıram ki, xalqımız hər zaman olduğu kimi, milli birliyi davam etdirəcək, ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanımızın inkişafı, daha da güclənməsi naminə öz səylərini göstərəcəkdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun şanlı qələbəsi sayəsində vaxtı ilə işğal altında olan, düşmən tərəfindən yerlə-yeksan edilən torpaqlarımızda həyat yenidən canlanır. Yaxın illərdə həmin ərazilər cənnətə çevriləcək və soydaşlarımız doğma yurdlarına qayıdacaq. Böyük qayıdış gününə lap az vaxt qalıb.
Füzulidə İcra olunan layihələr Azərbaycanın potensialını göstərir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli qoyulmuşdur. Yollar qısa müddət ərzində çəkilib. Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır. Prezident qürurla qeyd edib ki, Azərbaycan heç kimdən heç bir yardım almayıb və almayacaq. Bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.
Varid Əsgərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir