Araşdırma

NORMAL HƏYATA QAYITMAĞIN ƏSAS YOLU

Sharing is caring!

Mütəxəssislər qeyd edirlər ki, COVID-19-dan qorunmağın ən yaxşı yolu gigiyena qaydalarına xüsusi əməl etməklə yanaşı, güclü immun sisteminə malik olmaqdır. Hazırda pandemiya dövründə günün ən aktual məsələlərindən biri də immunitetin möhkəmləndirilməsidir. İmmunitet orqanizmin infeksiyalardan bioloji müdafiə sistemidir. Onun vasitəsilə orqanizm bütün yad parazit, virus, mikrob, göbələk və hətta təhlükə yaradan hüceyrələrdən qorunur. Belə ki, COVID-19 xəstəliyi immuniteti zəif olanlarda daha ağır və fəsadlarla keçir, bir çox hallarda ölümlə nəticələnir. Peyvənd olunduqdan sonra insan orqanizmində yaranan anticisimlərin səviyyəsi xəstəlikdən sonra olan səviyyədən də qat-qat yüksək olur və həmin orqanizmi bir neçə il infeksiyadan qorumaq qabiliyyətinə malik olur.
Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.
Dünyada, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə davam etdirilir. Xatırladaq ki, ölkəmizdə 18 yaşından yuxarı hər kəs COVID-19 infeksiyasına qarşı peyvənd oluna bilər.
Qeyd edim ki, peyvəndləmə tədbirinin kütləvi şəkildə aparılması ilə qısa zamanda olmasa da, effektiv və etibarlı nəticələr əldə etmək mümkündür. ABŞ-ın elmi mərkəzləri tərəfindən keçirilmiş tədqiqatlara əsasən buster dozasının effektivliyi sübut olunmuşdur. ÜST-ə və Kanadanın müvafiq qurumuna əsasən buster dozasının istifadəsi immunsupressiv hallarda və ən çox ehtiyacı olan həssas qruplarda tövsiyə edilir. Tədqiqatlara görə buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artmışdır.
Biz koronavirusa qarşı mübarizədə hər kəsi diqqətli olmağa çağırırıq. Kimsə özündə virusun cüzi əlamətini hiss edərsə, mütləq müayinə olunmalı, xəstəlik aşkar olunarsa, cəmiyyətdən təcrid olunmalıdır: “COVID-19-a yoluxmamaq üçün ehtiyatı əldən verməməliyik. COVID-19 infeksiyasına yoluxanların 90 faizi xəstəliyi simptomsuz və yüngül keçirdiyindən onlarda yoluxma elə də hiss olunmur və ətraf üçün təhlükə mənbəyinə çevrilirlər. Həmin şəxslər özlərində hər hansı klinik əlamətin olduğunu və ya xəstə olduqlarını bilmir, ailə daxilində və ya tədbirlərdə, eləcə də məkanlarda qoruyucu vasitələrdən istifadə etmirlər. Bu səbəbdən də təmasda olduqları şəxsləri yoluxdururlar. Unutmayaq ki, adi bir məsuliyyətsizlik böyük problemlərə yol açır. İnsanlar nə qədər tez peyvənd olunsalar, bir o qədər tez bu vəziyyətdən çıxa bilərik. Əks halda, daha çox yoluxma ehtimalı yaranar, o cümlədən yeni mutasiyalar üzə çıxar.
Azərbaycanda üçüncü doza ilə peyvəndlənmə 2 doza vaksin almış bütün tibb işçilərinə, yaşı 60-dan yuxarı olanlara və immun sistemi zəif olan şəxslərə tövsiyə edilir. Vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməli, cəmiyyətimizin sağlamlığı naminə vaksinasiya olunmalıdırlar. Əgər vaksinasiya prosesində insanların böyük əksəriyyəti iştirak edərsə, virusa qarşı hər bir insanda immunitet formalaşarsa, o zaman normal həyata qayıda bilərik.
Elnur Azadxanov, həkim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir