AKTUAL

Səfir: “Azərbaycanla Hindistan arasında əlaqələr tarixi bağlar əsasında qurulub”

Sharing is caring!

“Azərbaycan iqtisadiyyatı diversifikasiya prosesindədir, islahatlar həyata keçirilir və bu hindistanlı iş adamları üçün çox cəlbedicidir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan-Hindistan iş adamlarının görüşü zamanı çıxışında Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq deyib.

O bildirib ki, Azərbaycan və Hindistan arasında əlaqələr tarixi və mədəni bağlar əsasında qurulub: “1992-ci ildə diplomatik əlaqələrin qurulmasından bu yana Azərbaycan və Hindistan əlaqələri sürətlə inkişaf edir. Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi ötən illərdə 920 milyon dollar təşkil edib və ticarət dövriyyəsinin artması üçün böyük potensial mövcuddur”.

Səfirin sözlərinə görə, son illərdə Azərbaycanda Hindistana maraq artır: “Bu gün Hindistan dünyanın 6-cı ən güclü və ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Hindistanda iqtisadi artım 7 faiz təşkil edir”.

V. Bavitlunq vurğulayıb ki, ötən il 40 000 hindistanlı turist Azərbaycanı ziyarət edib. Eyni zamanda, son illərdə iki ölkə arasında səfərlərin sayı artıb.

O qeyd edib ki, bu ilin sentyabrında Hindistan Sənaye Konfederasiyasından böyük nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Tədbirdə çıxış edən Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Hindistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir: “Azərbaycan və Hindistan arasında 2007-ci ildə imzalanan ticarət, iqtisadi və elmi komissiyanın yaradılması ilə bağlı saziş ilk ölkə arasında əlaqələrin inkişafına böyük töhfə verib”.

F. Əliyev qeyd edib ki, turizm Azərbaycan və Hindistan əlaqələrində prioritet sahələrdən biridir və açılan çarter reyslər də buna öz töhfəsini verir. Onun sözlərinə görə, iki ölkə arasında enerji və nəqliyyat sahəsində də əməkdaşlıq dinamik şəkildə inkişaf edir.