AKTUAL manset

Könüllülərin cəmiyyətimizdə rolu

Sharing is caring!

Günü-gündən inkişaf edən müstəqil Azərbaycanın daha da çiçəklənməsində bütün Azərbaycan vətəndaşları kimi könüllülərin də rolu əvəzsizdir. Həmişə respublikanın ictimai həyatında ön sıralarda dayanan könüllülər yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizə zamanı da dövlətimiz tərəfindən həyata keçirilən müxtəlif yönlü tədbirlərdə fəal iştirak edirlər. Pandemiyanın bütün dünyanı cənginə aldığı bu çətin günlərdə Azərbaycan könüllüləri tənha yaşayan yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların gündəlik zəruri ehtiyaclarının qarşılanmasına lazımi köməkliklər göstərirlər. Həmçinin bu günlərdə koronavirus infeksiyası ilə əlaqədar yaranmış qan qıtlığının aradan qaldırılması üçün könüllülər təcili qana ehtiyacı olan şəxslərin həyatı naminə qanvermə aksiyasına qoşuldular. Fəxrlə deyə bilərik ki, “Böyüklərimizi qoruyaq” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında kömək göstərmişlər. Bütün bunlarla yanaşı vətəndaşlar tərəfindən edilən zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məsullarının, dərman vasitələrinin alınmasıına və kommunal ödənişlərinin həyata keçirilməsinə lazımi köməkliklər göstərirlər. Bu çətin günlərdə kğnüllülər sübut etdi ki, onlar bütün bu xeyirxah işlərə könüldən qoşulmuşlar.
İnanırıq ki, Azərbaycan könüllüləri bu xeyirxah işlərini daim davam etdirəcəklər. Mən bir ağsaqqal ziyalı kimi fəxr edirəm ki, həmin könüllülərin arasında mənim də nəvəm əlindən gələni edir, xalqımız üçün səy və bacarığını əsirgəmir.
Bütün könüllülərə gələcək işlərində yeni-yeni uğurlar arzulayıram.

İmamverdi Həmidov
AMEA-nın Nizami Gəncəvi adına
ədəbiyyat İnstitunun şöbə müdiri,
filologiya elmləri doktoru, professor