Boks üzrə Azərbaycanın milli yığma komandasının kapitanı, boks üzrə ağır çəkidə üçqat dünya çempionu olan 32 yaşlı Məhəmmədrəsul Məcidov sentyabrın 13-də Nyu-Yorkda peşəkar rinqdə ilk döyüşünə çıxıb.
XəbərAl.az xəbər verir ki, bu barədə Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov feysbuk səhifəsində bildirib.
Məcidovun rəqibi ABŞ təmsilçisi Ed Fonteyn olub. Nyu-Yorkdakı “Medison Skver Qarden”də təşkil olunmuş qarşılaşma Məcidovun qələbəsi ilə yekunlaşıb. Otuz üç yaşlı idmançı üçüncü raundda texniki nokautla qələbə qazanıb.
Ed Fonteyn peşəkar rinqdəki 12 döyüşündə 7 qələbə qazanmışdı.
Qeyd edək ki, bundan əvvəl boksçumuz britaniyalı boks təşkilatçısı Eddi Hirn ilə müqavilə imzalayıb və onun peşəkar rinqdə debütü də bu müqavilənin bir hissəsi olub.