Ana Səhfə Sənaye və energetika

Bərpaolunan enerji mənbələri sahəsinin investisiya cəlbediciliyini artırmaq üçün tədbirlər görüləcək

Sharing is caring!

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyi bu sahənin investisiya cəlbediciliyini artırmaq üçün tədbirlər görəcək.

Xəbəral.az xəbər verir ki, agentlik Azərbaycanda bərpaolunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin etməklə dövlət siyasətinin həyata keçirilməsində iştirak edəcək. Agentlik bu sahənin inkişafı və bərpaolunan enerji mənbələri potensialından səmərəli istifadənin təmin edilməsi, eləcə də investisiya cəlbediciliyini artırmaq üçün tədbirlər görəcək.

Agentliyin vəzifələrinə Azərbaycanın ayrı-ayrı regionları üzrə bərpaolunan enerji mənbələrinin potensialını və onlardan istifadə üçün əsas istiqamətləri müəyyənləşdirmək, müvafiq sahədə məlumatların toplanılmasını, emalını, saxlanılmasını və paylaşılmasını təmin edən bərpaolunan enerji mənbələrinə dair elektron məlumat sistemini yaratmaq, bərpaolunan enerji mənbələri üzrə ölçmə müşahidə avadanlığının quraşdırmasını və istismarını təmin etmək, bu sahədə mühəndis-axtarış, kəşfiyyat, layihələndirmə işlərinin aparılmasını, perspektivli layihələrin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasını təşkil etmək, bərpaolunan enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və dəstəklənməsi üçün müvafiq fondların yaradılması daxildir.

Həmçinin agentlik xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində müvafiq qabaqcıl və innovativ təcrübələri öyrənəcək və tətbiq edəcək, müstəqil ekspertləri və mütəxəssisləri, elmi təşkilatları qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edəcək, bu sahədə ixtisaslı kadrların, mütəxəssislərin hazırlanması və ixtisasının artırılması fəaliyyətində iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir