Siyasət

Urmiya gölünün qurudulması: İran ekoloji terrora da himayədarlıq edir – ŞƏRH + FOTO

Sharing is caring!

İran hakimiyyəti Güney Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verir. Tehran rejimi Güney Azərbaycanın ekologiyasına və təbiətinin qorunmasına da laqeyd yanaşır. Rejimin atom-nüvə proqramında istifadə etdiyi radioaktiv maddə tullantılarını Güney Azərbaycan ərazisində qazdığı quyularda basdırdığına dair məlumatlar mövcuddur. Bu səbəbdən həmin bölgələrdə xərçəng xəstələrinin sayının çoxaldığı da qeydə alınıb.

İran hakimiyyəti Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir. İran hakimiyyətinin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibətin nəticəsində Urmiya gölü də quruyur. Qurumazdan əvvəl Urmiya gölünün uzunluğu 140 km, eni 55 km, ümumi sahəsi 5 822 kvadratkilometr, ən dərin yeri isə 16 metr olub. Gölə ümumilikdə 13 iri və çoxlu sayda kiçik çay tökülürdü. Bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Nadir heyvanlar və bitkilər var idi.

Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini əhatə etməklə Güney Azərbaycanın torpaqlarının beşdə birini əhatə edib. Bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılırdı.

Urmiya gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potaş, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir. Urmu gölü öz gözəl təbiəti və zığının müalicəvi özəlliyi ilə bir çox turistlərin bölgəyə gəlməsinə səbəb olur. Sərnişin və yükdaşıma üçün gölün 6 limanı vardı.

Göl və onun çevrəsində 2014-2016-cı il biomüxtəlifliyin son siyahıları əsasən (adalarda yerləşən çayları ilə birlikdə) 62 növ bakteriya, 20 növ fitoplankton, 24 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ suda-quruda yaşayan, 5 növ molyusk və 26 növ balıq yaşayırdı. Bu canlıların varlığı və çeşidliyi Urmu gölünün UNESKO tərəfindən biosfer qoruğu elan edilməsinə və Ramsar konvensiyasına salınmasına səbəb olmuşdu.

Yaxın və Orta Şərqin bu təbiət incisində su səviyyəsinin azalması 1984-cü ildən müşahidə edilməyə başlayıb. Onda güney azərbaycanlı mütəxəssislər, ictimai fəallar, sakinlər həyəcan təbili vurmağa başladı, BMT-yə qədər müraciət edildi. Amma təəssüflər olsun ki, nə bu qurum, nə də İranın Ekologiya Departamenti tərəfindən bu SOS eşidildi. Yeri gəlmişkən, qeyd edək ki, İran hakimiyyəti BMT-ni saya salmır. Bu beynəlxalq təşklatın İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi faktlarla yerində tanış olmaq üçün 10 ildən artıqdır Tehrana buraxılmır.

İran hakimiyyətinin məsələyə savadsız və biganə yanaşması Urmiya gölünün quruması ilə nəticələnib. Artıq o ərazidə Urmiya duzluğu, Urmiya şoranlığı yaranıb. Gölün əhatəsindəki əkinçilik üçün yararlı olan minlərlə hektar torpaq sahəsi şoranlaşıb. Sakinlər həmin ərazidən köçməyə üstünlük verir. Duz tozları küləklə gölün sahilindəki şəhərlərə də yayılır. Bu, bütövlükdə Güney Azərbaycanın böyük bir hissəsində ekoloji fəlakətin yaranmasına səbəb olub. Tehran hakimiyyəti bununla Güney Azərbaycanda ekoloji terror törədib. Bu cinayət təkcə gölün flora və faunasına qarşı törədilməyib, həm də milyonlarla insanın sağlamlığına, güzəranına, həyatına, yaşayış yerini tərk etməsinə mənfi təsir göstərir. Bu, Güney Azərbaycan əhalisinin öz dədə-baba yurdundan çıxarılması, süni mühacirət üçün Tehran hakimiyyətinə əlavə fürsət verib.

İran rejimi bütün etiraz aksiyalarını, fərqli fikri düşməncəsinə qarşılayır. Ötən illərdə İranda prezident olmuş ayrı-ayrı şəxslər yalnız bəhanələr gətirib, yalan danışıblar. Keçmiş Prezident Məhəmməd Xatəmi hələ 2013-cü ildə məsələ ilə bağlı İşçi qrupu yaratdığını bildirmişdi. İctimai fəallar gölün qurumasına hakimiyyətin etinasızlığına qarşı etiraz aksiyaları keçirirlər. Hər dəfə İran hakimiyyəti həmin insanları tutur, separatçılıqda ittiham edir. Hətta, iranyönlü sayılan Azərbaycan vətəndaşları da Tehranın bu şər-böhtanını dəstəkləyirdi. O vaxt “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının “İşdən sonra” verilişinin qonağı olmuş İlqar İbrahimoğlu müxbirin Urmiya gölünün qurumasına etiraz aksiyaları ilə bağlı sualına cavabında özünü “Papadan çox katolik” kimi apararaq həmin yürüş və mitinqləri “separatçı fəaliyyət” (bölücülük) kimi dəyərləndirmiş, İran hakimiyyətinin basqılarına haqq qazandırmışdı.

Həmin vaxt Təbrizin İran parlamentindəki nümayəndəsi Məhəmmədhüseyn Fərhəngi 35 milyon dollara yaxın büdcə vəsaitinin Urmiya gölünün qurumasının qarşısının alınmasına sərf olunacağı haqda yerli informasiya təmsilçilərinə məlumat vermişdi. Ancaq Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əlirza Beygi onun “yalan danışdığını” söyləyərək bildirmişdi ki, bu ilin dövlət büdcəsindən Urmiya gölünə 20 milyon dollar ayrılıb. O, Araz çayından gölə su gətirmək üçün bir milyard dollar maliyyə vəsaitinin lazım olduğunu qeyd etmişdi.

Ötən illər ərzində bu sayaq çıxışlar, bəyanatlar, seçkiqabağı yalan vədlər Urmiya gölününü qurmasının qarşısını ala bilmədi. Bu, İran hakimiyyətinin Güney Azərbaycana münasibətinin göstəricisidir. Tehran rejiminin güney azərbaycanlılara göstərdiyi şovinst yanaşma Urmiya gölünü qurutdu. Odur ki, terroru himayə edən İran hakimiyyəti bu su hövzəsinin qurumasına etinasız yanaşması ilə ekoloji terrorun da müəllifi oldu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir