Cəmiyyət Siyasət

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır

Sharing is caring!

Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistan Respublikasına etdiyi dövlət səfəri iki ölkə arasındakı münasibətlərin dostluq və həmrəyliyə söykəndiyini, əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda, Azərbaycan və Özbəkistan prezidentlərinin verdiyi bəyanatlar, geniş tərkibli nümayəndə heyətlərinin keçirdiyi görüşlər və səfər çərçivəsində baş tutan tədbirlər və çıxışlar hər iki ölkə rəhbərliyinin münasibətləri keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəltmək əzmində olduğunu nümayiş etdirir.

Azərbaycan və Özbəkistan arasında dostluq münasibətləri hələ sovet dövründən inkişaf etməyə başlayıb və müstəqillik illərində də əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edib. 1970-ci illərdə o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaxşı dostluq münasibətləri yaranıb. Eləcə də, 1990-cı illərdən etibarən müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyevlə Özbəkistanın dövlət başçısı İslam Kərimov arasında qarşılıqlı etimad və səmimi münasibətlər qurulmuşdu. Hazırda da həmin dostluq münasibətləri Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən davam və inkişaf etdirilir. Ölkə rəhbərləri arasında onilliklər ərzində qurulmuş qarşılıqlı etimad və dostluq Azərbaycan və özbək xalqları arasındakı səmimi münasibətlərin rəmzidir.

Azərbaycan Prezidentinin Özbəkistana budəfəki ikigünlük dövlət səfərinin 25 il əvvəl Ümummilli Lider Heydər Əliyevin dost ölkəyə səfər tarixi ilə üst-üstə düşməsi və səfərin Daşkəndin mərkəzində Ulu Öndərin abidəsinin, onun adını daşıyan  meydanda  parkın açılışı ilə başlaması həm rəmzi məna daşıdı, həm də çox mühüm əlamətdar hadisə kimi tarixə yazıldı. Bu, Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə ehtiramın bariz təcəssümü idi.

İki ölkə arasında diplomatik münasibətlər 27 illik tarixə malik olsa da, qarşılıqlı münasibətlərin kökü uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

İlham Əliyevin dost ölkəyə budəfəki səfərinədək iki ölkə arasında 135 sənəd imzalanmışdı. Bu səfər zamanı isə mühüm sahələri əhatə edən daha 20-yə yaxın sənədin imzalanması əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqlədi.

Səfər çərçivəsində ölkələrimiz arasında mühüm sahələri əhatə edən çoxlu sayda sənədin, o cümlədən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli tərəfdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin imzalanması cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrıldığını göstərir. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılığlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə iki ölkə arasında əməkdaşlığın yol xəritəsidir. Bu Bəyannamə barədə cənab Prezident İlham Əliyev demişdir: “Orda xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəsdəklənməsi ifadə olunub, eləcədə həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib”.

Qısa təhlil əsasında bu qənaətə gəlirik ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri, Prezident Şavkat Mirziyoyevlə görüş, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir.

Emin Mirzəyev,

Salyan rayonu Qızılağac kəndi, fermer

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir