Siyasət

Fuad Hüseynəliyev: “Azərbaycanı tərk edən separatçılar vəziyyətin perspektivsizliyini dərk edirlər” – VİDEO

Sharing is caring!


“Azərbaycanın Qarabağ bölgəsində separatizmi qızışdıranlar öz hərəkətlərinin mənasızlığını anlayır və başa düşürlər ki, Azərbaycan öz ərazisində zərrə qədər də separatizmə yol verməmək üçün qəti mövqeyindən əl çəkməyəcək. Nəticə etibarilə onlar Qarabağı tərk edirlər”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində bildirib.

“Ermənistanın Azərbaycanı ləkələmək üçün sonuncu cəhdi BMT Təhlükəsizlik Şurasında edilib, lakin bu, uğursuz alınıb. Laçın yolunun “blokadası” ilə bağlı məsələni beynəlxalq səviyyədə qaldıran Ermənistan gözlənilən nəticəni əldə edə bilmədi. Digər tərəfdən, Azərbaycan Qarabağ bölgəsinin sakinlərini təmin etmək üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi dəfələrlə təklif edib. Əminəm ki, yaxın gələcəkdə bu yoldan Azərbaycan qanunlarını qəbul etməyə, qanunlara uyğun yaşamağa hazır olan insanlar istifadə edəcəklər” , – o qeyd edib.

F.Hüseynəliyev vurğulayıb ki, Azərbaycan ərazisində separatizmi dəstəkləyən və ölkə qanunları ilə yaşamaq istəməyənlər üçün bir çıxış yolu var, o da buradan getməkdir:

“Videogörüntülərdən aydın olur ki, insanlar bütün əşyalarını götürüb gedirlər. Bu isə onu göstərir ki, onların geri qayıtmaq niyyətləri yoxdur. Yəqin, başa düşürlər ki, bu ölkədə onların “oyun”ları üçün heç bir əsas yoxdur. Ola bilər ki, əhalinin müəyyən hissəsi Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak edib, lakin biz bilirik ki, Azərbaycanın dövlət qurumları bu cür cinayətkarları çoxdan müəyyən edib və onlar haqqında məlumat bazası var. Onlar içərisində azərbaycanlılara qarşı soyqırımının iştirakçısı olmasa da, hərbi əməliyyatlarda iştirak edənlər də ola bilər”.

Agentlik rəhbəri onu da bildirib ki, gedənlərin çoxunun Rusiya pasportu var. Bu isə o deməkdir ki, Rusiya sülhməramlıları onlara tapşırılan vəzifələrlə kifayət qədər məşğul olmayıblar. Azərbaycanın bu ərazisində qondarma “rus dünyası” yaratmaq planları açıq-aşkar iflasa uğrayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir