Siyasət

İranın ikiüzlülüyü: Təbrizdəki Azərbaycanşünaslıq Mərkəzi bağlanıb, Ermənişünaslıq kafedrası açılıb – ŞƏRH

Sharing is caring!

Din pərdəsi altında gizlənən panfarsçı Tehran rejimi saxtakarlığını və ikiüzlülüyünü davam etdirir. Bu hakimiyyət nə Güney Azərbaycana, nə də müstəqil Azərbaycan Respublikasına münasibətdə səmimi olub.

Belə ki, uzun illərdir Təbriz Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərirdi. Bu mərkəzə tələbələr, alimlər, həmçinin Azərbaycanın tarixi, ədəbiyyatı və başqa mədəni sahələri ilə maraqlananlar toplanırdılar. Onlar Güney Azərbaycanın və İranın ictimai həyatında da fəal iştirak edən təbəqələrin təmsilçiləridir. Azərbaycanşünaslıq Mərkəzi araşdırma aparmaq, öyrənmək və əldə olunan nəticələri paylaşmaq üçün faydalı mədəni mərkəz sayılırdı.

Bir sözlə, bura Güney Azərbaycanın, xüsusilə Təbrizin elmi-mədəni ictimaiyyətinin toplaşdığı ünvan idi.

Bu məqamda qeyd edək ki, ötən gün İran hakimiyyətinin Azərbaycanşünaslıq Mərkəzini bağlaması barədə məlumat yayılıb. Bildirilib ki, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, hətta onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb. Buna cavab olaraq sosial şəbəkələrdə “Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir” paylaşımları edilib.

Yayılan məlumatlara əsasən, mərkəzin Təbrizdən olan iki üzvü – Hadi Heydəri Azad və İbrahim Əhmədpur – fevralın 27-də həbs olunub.

Yeri gəlmişkən, Tehran rejimi əvvəllər də bu mərkəzin üzvlərinə qarşı təzyiqlər göstərib, onları təqib edib. Məsələn, bir neçə il əvvəl Təbriz Universitetinin Əkinçilik və kənd təsərrüfatı fakültəsinin tələbəsi Əfsanə Toqir həbs edilmiş, işgəncəyə məruz qalmışdı. Bundan başqa, daha əvvəl Azərbaycanşünaslıq Mərkəzinin bir neçə tələbəsi həbs edilib.

Xatırladaq ki, Əfsanə Toqir müxtəlif təşkilatların üzvlərinin, mədəni və ekofəalların Urmiya gölünün qurumasına etiraz olaraq əhalini nümayişlərə çağıran zaman saxlanılmışdı. Mərkəzin üzvləri İran, o cümlədən Güney Azərbaycanın ictimai, mədəni, ekoloji həyatı üçün vacib məsələləri açıq müzakirəyə çıxarıblar. Qeyd etdiyimiz kimi, bunlardan biri Urmiya gölünün qurumasına qarşı keçirilən etiraz aksiyalarıdır. Amma Tehran hakimiyyəti belə ekoloji fəlakətin qarşısının alınması ilə bağlı çağırışları cinayət sayaraq etirazçıları həbsə atıb. O zaman belə bir sual yaranır: bu ölkədə belə bir ekoloji fəlakət yoxdursa, onda İran Prezidenti İbrahim Rəisi niyə Urmiya gölü istiqamətində su kanalının açılışını edib?

Beləliklə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzini bağlamaqla özünün də kölgəsindən qorxduğunu sübuta yetirir.

Bu da son deyil. İranda həyata keçirilən panfarsçılıq siyasəti səbəbindən ölkə konstitusiyasına əməl olunmur. Nəticədə Güney Azərbaycan ərazisində hazırda türk dilində bir sinif belə, fəaliyyət göstərmir. Azərbaycanın fədakar ziyalıları ana dilini yaşatmaq və fars şovinizminin hücumundan, assimilyasiyasından qorumaq məqsədi ilə zirzəmilərdə gizli şəkildə dərs keçirmişlər. Mürtəce Tehran rejimi buna da mane olub. Azərbaycan türkcəsini tədris edən müəllimlər həbsə atılıblar.

Azərbaycan türkünün mədəniyyəti, incəsənəti, o cümlədən rəqsi, mahnıları, musiqiləri və s. farslardan fərqlənir. Panfarsçı rejim Güney Azərbaycanda milli mədəniyyəti məhv etmək üçün bu istiqamətdə də assimilyasiya siyasəti yürüdür. Azərbaycan rəqslərini öyrədən fədakar müəllimlər cəzalandırılırlar. Lakin İranın mövcud konstitusiyasında fars olmayanlarn öz dili, mədəniyyətini inkişaf etdirmək hüququ var.

Tehran hakimiyyəti Cənubi Qafqazda Ermənistanı bütün istiqamətlərdə müdafiə edib dəstəkləməklə regionda təhlükəsizliyə təhdid yaradır. Eyni zamanda, İran daxilində də erməniləri himayə edir.

Azərbaycanşünaslıq Mərkəzini bağlayan İran hakimiyyəti Təbriz Universitetində Ermənişünaslıq kafedrası açıb. Bu mərkəz 2022-ci ilin sentyabrından fəaliyyət göstərir.

İran perspektivdə Təbrizdə Ermənistanın konsulluğunu açmağı da planlaşdırır.

Qeyd edək ki, İranda ermənilərin “Ararat” adlı mədəniyyət mərkəzi, ana dilində məktəbləri və başqa milli-mədəni mərkəzləri fəaliyyət göstərir. Bu məqsədlə İran hakimiyyəti onlara dövlət büdcəsindən yardım da edir.

Bəs sayı 100 min belə olmayan ermənilərə Tehran rejiminin, onun qulluq etdiyi fars şovinizminin bu qədər canıyananlığının səbəbi nədir? Bunun bir neçə səbəbi var: türk düşmənliyi, Azərbaycana qarşı fəaliyyət, Güney Azərbaycanın milli özünüdərkinə mane olmaq və s. Bu rejim ermənilərdən Azərbaycana və Türkiyə qarşı daim istifadə edir.

P.S. Azərbaycan Respublikasında İran səfirliyinin Mədəniyyət Mərkəzi, habelə İranşünaslıq adı altında bir sıra mərkəzlər fəaliyyət göstərir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir