Siyasət

“Fransa Cənubi Qafqaza qayıtmaq istəyir” – Makronun çıxışının pərdəarxası – ŞƏRH + FOTO

Sharing is caring!

Fransa Prezidenti Emmanuel Makron 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Fransa dünyada” adlı tədbirdə qalmaqallı çıxışı ilə gündəmə gəlib. Makron konfransda rəsmi Moskva ilə bağlı sərt mövqe nümayiş etdirərək müttəfiqlərini Rusiyanın işğalının qarşısını almaq üçün Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb. Makron indi Rusiya ilə dialoq zamanının olmadığını deyib.

Fransa prezidentinin Rusiya haqqında ittihamları bununla da yekunlaşmayıb. O, Qafqazın problemlərini Rusiyanın həll edəcəyinə heç kimin inanmadığını söyləyib. Makron Ermənistanın yanında olmağa davam edəcəyini açıq-aşkar bəyan edib.

Rəsmi Parisin Rusiyanı hədəf almasının sətiraltı məqamları haqqında Oxu.Az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Fransanın məqsədinin münaqişələrdə aktiv iştirak etmək olduğunu vurğulayıb.

A.Nağıyevin fikrincə, Fransa Türkiyə və Rusiyanın Cənubi Qafqazda fəallığını həzm edə bilmir:

“Əvvəla onu qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı dünya tərəfindən qəbul edilən ən ciddi platformalardan biridir. Burada dövlətlərin təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üçün atılan addımlar müzakirə edilir, hərbi, siyasi və hətta müəyyən qədər iqtisadi problemlərin həlli istiqamətində görüşlər keçirilir.

Prezident İlham Əliyevin konfransa dəvət olunması isə ölkə başçısının Cənubi Qafqazda, o cümlədən dünyada sayılıb-seçilən lider kimi tanındığının, bütün proseslərdə, o cümlədən qlobal məsələlərdə öz iştirakı ilə yenilik gətirdiyinin, Azərbaycanın Avropa və dünya üçün önəmli rolunun təzahürüdür.

Əsas məqam odur ki, İlham Əliyevin bu cür mötəbər konfransdakı çıxışı daim diqqətlə izlənilir. Regionun, o cümlədən bütün türk dövlətlərinin sayılıb-seçilən lideri olduğuna görə prezidentimizlə müzakirələr aparmaq, müxtəlif layihələrdə tərəfdaşlıq və əməkdaşlıq etmək istəyən rəsmilər kifayət qədər çoxdur.

Münhendə bir çox ölkələri təmsil edən böyük iqtisadi şirkətlərin nümayəndələri də iştirak edirdilər. Onlarla keçirilən görüşlər də bütün məqamlarda öz effektini verir. Qarabağa investisiyaların qoyulması, regionda təhlükəsizliyin təmin olunması, hərbi-siyasi vəziyyətin müzakirəsi mühüm amilə çevrilib. Prezidentimiz isə bu məqamlara xüsusi diqqət ayıran lider kimi seçilir.

Fransa Prezidenti Emmanuel Makronun səs-küylü çıxışına gəlincə, düşünürəm ki, bu, regional məsələlərdə iştirakını təmin etmək məqsədi güdür. Ermənistanın Türkiyə və Rusiya ilə hansısa formada yaxınlaşması Fransanın xoşuna gəlmir, bu, Makronu razı sala bilməz. Ona görə Fransa çalışır ki, bu məsələlərdə ittihamlarla diqqət cəlb edərək, özünün varlığını yada salsın”.

Arzu Nağıyev onu da xatırladıb ki, Cənubi Qafqaza müşahidəçi missiya gələndə də Fransa bu prosesdə iştirak üçün canfəşanlıq edirdi:

“Rusiya ilə bağlı məsələlərdə, Ukrayna mövzusunda, o cümlədən sülhməramlı qüvvələrin bölgədə fəaliyyəti kimi məqamlarda da Fransa rəsmi Moskvanı ittiham edirdi. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da dəfələrlə siyasi məsələlərə qatmağa çalışdılar. Birmənalı şəkildə Fransanın regionda iqtisadi, siyasi və hərbi marağı var. Ermənistanla dostluğunu açıq-aşkar nümayiş etdirən rəsmi Paris torpaqlarımız hələ işğal altında olanda oradakı sərvətlərdən yararlanırdı. Fransa şirkətlərinin bizim torpaqlarımızda kifayət qədər qanunsuz əməlləri olub. Ona görə, Fransa sülhün bərqərar olması prosesinin Fransasız keçməsinə razılıq vermir.

Xatırlayaq ki, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə də Fransa prezidenti iştirak etməyə çalışırdı. Bu zaman rədd cavabı da almışdı. Fransa bütün bu proseslərə laqeyd qala bilmir, nəyin bahasına olursa olsun Cənubi Qafqaza qayıtmaq istəyir. ATƏT-in sıradan çıxmış Minsk qrupunun bərpasını, sülhməramlı missiyada iştirak edən dövlətlərin çox olmasını, müşahidəçi kimi regiona daxil olmağı da tez-tez gündəmə gətirməklərinin səbəb budur. Fransa özünə siyasi rəqib saydığı Türkiyə və Rusiyanı regiondan uzaqlaşdırmaq istədiyindən Makron belə ittiham dolu çıxışlar edir.

Lakin bir məqamı vurğulamaq lazımdır ki, vasitəçiliyi iflasa uğramış Fransanın regiona yenidən daxil olması mümkün deyil. Çünki rəsmi Paris həm də birmənalı şəkildə separatçıları dəstəkləyən, onlara havadarlıq edən qüvvə kimi tanınır”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir