Siyasət

Hakimləri sevindirəcək addım – Qanuna dəyişikliyin DETALLARI

Xəbər verdiyimiz kimi, “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov qanuna dəyişikliyin detallarını Modern.az-a açıqlayıb.

Deputat bildirib ki, “Məhəkəmələr və hakimlər haqqında” qanunun 93-4-cü maddəsində hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən, yüksək hakim vəzifəsinə təyin edilə bilirlər:

“Qanunvericilikdə əvvəllər belə bir hal yox idi. Belə ki, 20 illik iş təcrübəsi hakim vəzifəsinə təyin olunan şəxslərin hakimlik stajına aid edilmirdi. İndi isə hakim təyin olunan şəxs əvvəllər hansısa bir qurumda hüquqşünas kimi çalışıbsa, 93-4-cü maddənin tələblərinə uyğun olaraq hakim vəzifəsinə təyin edilibsə, hüquqşünas kimi iş təcrübəsi onun hakimlik stajına əlavə olunur. 20 illik iş təcrübəsi varsa, 20 illik hakim stajına malik kimi hesablanır. Bu da gələcəkdə əmək haqqı, pensiya və digər məsələlərdə nəzərə alınır. Ümumilikdə müsbət dəyişiklikdir”.

Qeyd edək ki, “Məhkəmələr və hakimlər haqqında” qanun 93-4-cü maddəsi (Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası) belədir: Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinin tələblərinə cavab verən, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər bu Qanunun 93-3-cü maddəsində nəzərdə tutulmuş prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilə bilərlər. Hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq, bu Qanunun 93-3-cü maddəsinin yeddinci hissəsində nəzərdə tutulan orqanlarda işləyən şəxs həmin maddədə nəzərdə tutulmuş prosedurlardan kənar, Məhkəmə-Hüquq Şurasında müsahibədən keçirilməklə, bu Qanunun 94-cü maddəsi ilə müəyyən edilmiş qaydada yenidən hakim vəzifəsinə təyin edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir