Müsahibə

Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” – MÜSAHİBƏ

Sharing is caring!




Ermənistan tərəfi delimitasiya və demarkasiya olunmuş sərhədin ona məxsus hissəsində minalardan təmizləmə işini davam etdirir.

Proses 30 ildən artıqdır ki, Ermənistan tərəfindən işğal olunmuş kəndlərin Azərbaycana qaytarılmasının əleyhinə olan, yaşayış məntəqələrinin yaxınlığında Ermənistan-Azərbaycan sərhədini görmək istəməyən yerli erməni əhalisinin etirazları fonunda baş verir.

Nəticədə Ermənistan hakimiyyəti minalardan təmizləmə işindən əlavə əraziyə Ermənistan Daxili İşlər Nazirliyinin əlavə canlı qüvvələrini cəlb etməklə məşğuldur. Ermənistan DİN-nin bəyanatında deyilir ki, görülən bu tədbir mülki əhalinin minalanmış ərazilərə daxil olmasının qarşısını almağa yönəlib.

Yeri gəlmişkən, erməni arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi etirazçılar və bir sıra müxalifət deputatları hüquq-mühafizə orqanları əməkdaşlarının bu hərəkətlərini “xüsusi əməliyyat” adlandırıblar.

Radikalların və erməni ruhanilərin müqavimətinə baxmayaraq, həm Bakıda, həm də İrəvanda qeyd olunduğu kimi, delimitasiya və demarkasiya prosesi uğurla davam edir.

Mövcud vəziyyəti Oxu.Az-a Beynəlxalq Siyasi Analiz və İnformasiya Təhlükəsizliyi Mərkəzinin direktoru, Avrasiyada Strateji Tərəfdaşlıq üzrə Berlin Komitəsinin sədri Svyatoslav Andrianov şərh edib.

– Ermənistan kifayət qədər müxtəlif siyasi spektr mövcuddur. Radikal siyasi qüvvələr var və mənə elə gəlir ki, onlar erməni xalqının maraqlarına xidmət etmirlər. Hamıya aydındır ki, regiona sülh və əmin-amanlıq gətirmək üçün lazımi hazırlıqları tez bir zamanda başa çatdırmaq və nəhayət, iki qonşu dövlət arasında 30 ildən çox davam edən münasibətlərin faciəvi tarixinə son qoymaqla Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə imza atmaq lazımdır. Bu isə iki mühüm tədbirin həyata keçirilməsini tələb edir – sərhədin delimitasiyası və sonra demarkasiyanı. Maraqlısı odur ki, artıq bizə məlum olduğu kimi, son günlər təkcə delimitasiya deyil, həm də qismən demarkasiya aparılıb.

Cənubi Qafqaz, son dərəcə kəskinləşmiş müasir geosiyasi konfiqurasiya kontekstində, ilk növbədə, yeni transmilli nəqliyyat qovşaqlarının regionu kimi daha da böyük əhəmiyyət kəsb etməyə başlayır. Belə olan halda Ermənistan burada özü üçün böyük perspektivlər görməlidir. Lakin sülh sazişi imzalanmayana qədər yeni logistik təchizat xətləri  işləməyəcək. Düşünürəm ki, Paşinyan bunu bir ildən daha əvvəl, ritorikasını dəyişdirəndə ​​anlamışdı. Baş verməli olan (münaqişənin yekun həlli – red.) artıq qaçılmazdır, baxmayaraq ki, Ermənistan özü üçün ən əlverişli şərtlər daxilində ticarət etməyi davam etdirəcək. Azərbaycan isə “salami taktika”dan (böyük məqsədin ardıcıl kiçik, aralıq məqsədlərlə əvəz olunduğu strategiya – red.) istifadə edərək, sakitcə irəvanlı tərəfdaşlarına təzyiq göstərəcək.

– Bəs siz mümkün sülh müqaviləsinin imzalanma vaxtı barədə nə düşünürsünüz?

– Hesab edirəm ki, bu, ilin sonuna qədər mümkündür, lakin çox güman ki, gələn il – yazda və ya yayda. Ancaq təbii ki, proqnozlaşdırılması çətin olan və ciddi nəticələrə səbəb olan bir hadisə baş verməsə.

– Qayıdaq delimitasiya və demarkasiya ətrafında vəziyyətə və Ermənistanda olan etirazlara.

– Bəli, mən artıq söylədim ki, Ermənistanda növbəti qarşıdurmanın təhrikçisinə çevrilən radikal qüvvələr var. Hamıya aydındır ki, Azərbaycan qalib gəldi, özünə məxsus olanı qaytardı, ədalət zəfər çaldı. Belə bir vəziyyətdə nəyisə yenidən nəzərdən keçirmək axmaqlıq olardı. Eyni zamanda çox əlamətdar hal ondan ibarətdir ki, Nikol Paşinyan Ermənistan İstintaq Komitəsi tərəfindən aparılan cinayət işində ifadə verərkən Qarabağdakı separatçıların özbaşına hərəkət etdiyini və bu barədə Ermənistan rəhbərliyinə məlumat vermədiyini qeyd etmişdi.

– Ermənistan ordusunun davranışı haqqında nə düşünürsünüz? Ayrı-ayrı hərbçilərin etirazçılara dəstək cəhdləri ordunun kütləvi şəkildə radikalların tərəfinə keçməsinə səbəb olmadı. Baxmayaraq ki, Paşinyanın silahlı qüvvələrə tam nəzarət etmədiyi məlumdur. Eyni zamanda, Ermənistan polisi ümumilikdə Ermənistanın baş nazirinin tərəfindədir.

– Ermənistan ordusunun etirazçıların tərəfini tutmaması yaxşı göstəricidir, adekvat reaksiyadır. Bəli, belə bir fikir var ki, Paşinyanın ordu ilə münasibətləri yaxşı deyil, amma bu, böyük bir mexanizmdir. Orada kifayət qədər normal adamlar var ki, hazırda təhlükənin nə olduğunu başa düşürlər: ya ölkə daimi qarşıdurma içində olacaq, ya da hamı parlaq gələcəyə doğru addımlayacaq.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir