Kriminal

Məhkəmə ticarət mərkəzində cinayət törədən şəxslə bağlı qərar çıxardı

Sharing is caring!


Sumqayıt Apellyasiya Məhkəməsində Qubada tanışını bıçaqlamaqda təqsirləndirilən Yusif Səmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Səmədov yeddi il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 30 iyun 2021-ci il tarixdə, saat 19 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Əli Ticarət Mərkəzi”nin ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Yusif Səmədov həmin ərazidəki kafedə spirtli içki qəbul edib, sərxoş vəziyyətdə çölə çıxarkən yaxınlıqda tanışı, zərərçəkmiş Təyyar Səfərovu və onun qohumu Elşənin birlikdə söhbət etdiklərini görüb. O, həmin şəxslərə yaxınlaşıb. Təyyar isə ona şəxsi söhbətlərinin olduğunu deyib, kənarlaşmasını istəyib. Lakin Yusif ona əhəmiyyət verməyib, onların yanından çəkilməyib.

Daha sonra onların aralarında mübahisə yaranıb, zərərçəkmiş şəxs Yusifi nalayiq ifadələrlə təhqir edib, üzərinə yeriyərkən onu itələyib yıxıb. Təqsirləndirilən şəxs bundan hiddətlənərək ticarət mərkəzinin yaxınlığında saxladığı avtomobilində gəzdirdiyi bıçağı götürüb geri qayıdıb. O, Təyyarı təqib edərək ticarət mərkəzinin içində ona çatıb, kürək və qarın nahiyələrinə üç zərbə endirib.

Hadisədən sonra Yusif Səmədov saxlanılıb və barəsində 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə Yusif Səmədov ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, cinayət əməlini dörd aylıq körpə uşağına qarşı istifadə olunmuş nalayiq ifadələrə görə törədib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir