İdman

Azərbaycan basketbolu uzun həsrətdən sonra Avropada: “Sabah”ı nə gözləyir? – FOTO

Sharing is caring!


Azərbaycan basketbolu 18 il sonra avrokuboklarda təmsil olunacaq.

Oxu.Az xəbər verir ki, ölkə çempionatının ötən mövsümünün qalibi olan “Sabah” bu gün FIBA (Beynəlxalq Basketbol Federasiyası) Avropa Kubokunda mübarizəyə başlayacaq. Azərbaycan sonuncu dəfə 2005/06 mövsümündə “Qala” komandası ilə qitəmiqyaslı yarışlarda təmsil olunub.

FIBA Avropa Kuboku qurumun Avropada təşkil etdiyi səviyyəcə ikinci turnirdir. Ümumiyyətlə, qitə üzrə sıralamada gücünə görə dördüncü yarış hesab olunur.

Yarışın reqlamenti

Turnir 2015-ci ildə FIBA Avro Çelencin əvəzinə yaradılıb. Yarış təsnifat mərhələsindən başlayır və müntəzəm mövsümlə davam edir. Müntəzəm mövsümdə iştirak hüququ qazanmış komandalar qruplara bölünürlər. Nəticələrə əsasən, onlar növbəti raunda vəsiqə qazanırlar və yenidən qruplar formalaşdırılır. Bu mərhələdə ilk iki yeri tutmuş komandalar 1/4 finala yüksəlirlər. Bundan sonra isə pley-off sistemi ilə finala qədər oyunlar keçirilir və qalib müəyyənləşir.

Turnirdə iştirak klubların ölkə çempionatındakı nəticələri əsas götürülməklə həyata keçirilir. Reytinqinə görə bir sıra komanda müntəzəm mövsümdən başlasa da, bir qismi də təsnifat mərhələsində çıxış etməlidir.

“Sabah” da FIBA Avropa Kubokunda mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Azərbaycan təmsilçisi seçmə qrup mərhələsində “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) mübarizə aparacaq. Komandamız ilk oyununu Niderland klubuna qarşı keçirəcək.

Ümumilikdə yeddi seçmə qrup formalaşdırılıb. Hər qrupun qalibi müntəzəm mövsümdə iştirak hüququ qazanacaq. Yekunda 40 komanda əsas mərhələdə iştirak edəcək. Burada hərəsində dörd kollektiv olmaqla 10 qrup formalaşdırılacaq. Hər qrupun qalibi və ikinci yeri tutmuş altı komanda növbəti raunda vəsiqə qazanacaq. Burada 16 kollektiv dörd qrupa bölünəcək. Yenidən ilk iki yeri tutanlar mərhələ adlayıb 1/4 finala yüksələcəklər.

Qitədə FIBA Avropa Kubokundan daha üst səviyyəli yarış Basketbol Çempionlar Liqasıdır. Orada daha güclülər iştirak hüququ qazanırlar. Bundan başqa, Avropada Avroliqa turniri təşkil olunur ki, bu, ən üst səviyyə hesab edilir. Ondan daha aşağı səviyyədə Avropa Kuboku da təşkil edilir. Bunlar FIBA-nın keçirdiyi yarışlardan fərqlidir. Avropa Kubokunda qalib olan komanda Avroliqada oynamaq hüququ qazanır.

“Sabah”ın təcrübəli rəqibləri

“Sabah”ın rəqiblərinə gəlincə, “Donar” Niderlandın ən köklü basketbol klublarından biridir. Klubun əsası 1951-ci ildə qoyulub. Komanda ötən mövsüm Niderlandla Belçikanın keçirdiyi birgə yarışda altıncı yeri tutub. Milli pley-offlarda isə komanda finala qədər irəliləyib və yalnız orada “Leyden”ə uduzaraq ikinci yeri tutub.

“Rapid” Rumıniyanın qədim basketbol klublarındandır. Eyniadlı futbol klubunun basketbol komandası 1934-cü ildə yaradılıb. Ötən mövsüm kollektiv ölkə çempionatının A qrupunda ikinci olub. Daha sonra yarımfinala qədər irəliləyən kollektiv yekunda dördüncü yeri tutub.

“Rabotniçki”nin əsası isə 1946-cı ildə qoyulub. Klub Şimali Makedoniyada 15 dəfə çempion olub. Bu baxımdan “Rabotniçki” rekordçudur. Komanda ötən mövsüm Şimali Makedoniya çempionatında yarımfinala qədər irəliləyib.

Göründüyü kimi, 2022-ci ildə yaradılan “Sabah” təcrübəsinə görə rəqiblərindən geri qalır. Lakin komanda kifayət qədər rəqabətli keçən ölkə çempionatının qalibidir. Üstəlik, bu yay təcrübəli şimali makedoniyalı mütəxəssis Boban Mitevə baş məşqçi təyin edilib. Klub heyətə kifayət qədər yeni oyunçular cəlb edib. Komanda yaxşı hazırlıq keçib və iddialıdır.

Azərbaycanlı basketbol mütəxəssisi, basketbol federasiyasının mətbuat xidmətinin rəhbəri, eyni zamanda şərhçi kimi fəaliyyət göstərən Sənan Əliyevin fikrincə, “Sabah”ın yer aldığı qrupda şanslar bərabərdir:

“Azərbaycan çempionunun rəqiblərinin hər biri bizim üçün “sirli qutu”dur. Bu komandaların elə də tanınmış oyunçuları yoxdur. Eyni zamanda “Sabah” da yenilənib, çoxlu transferlər edib. Ümumən, qrupda güclər bərabərdir. Fikrimcə, bütün komandalar qrupun qalibi ola bilərlər. Açıq-aşkar favorit yoxdur. Ola bilsin ki, təcrübə rol oynadı. Bəlkə, hansısa komandanın daha oturuşmuş heyətinin olması onu şanslı etsin. “Rabotniçki”ni həm ev sahibi, həm də basketbol ənənələri yüksək olan ölkənin təmsilçisi, təcrübəli kollektiv kimi bir qədər üstün hesab etmək olar. Lakin ümumi götürdükdə bu qrupda şanslar bərabərdir”.

Əsas tarixlər

Təsnifat mərhələsinin oyunları oktyabrın 2-5-də keçiriləcək. Bu gün “Donar”la üz-üzə gələcək “Sabah” növbəti oyununu oktyabrın 3-də “Rabotniçki”, son matçını isə bu ayın 5-də isə “Rapid”ə qarşı keçirəcək.

Avropa Kubokunun müntəzəm mövsümü oktyabrın 18-də başlayacaq və noyabrın 22-nə qədər davam edəcək. İkinci mərhələ dekabrın 6-sından 2024-cü ilin 7 fevralına qədər davam edəcək. 6-13 mart tarixlərində 1/4, 27 mart –  3 aprel aralığında yarımfinal görüşləri baş tutacaq. Final mərhələsi isə aprelin 17-dən 24-dək təşkil olunacaq.

Qeyd edək ki, “Sabah”ın “Donar”la matçı saat 19:30-da start götürəcək və İTV-də canlı yayımlanacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir