İdman

Azərbaycan çempionatında bir yerə iki namizəd: 1-ci Liqada hansı “İrəvan” oynayacaq?

Sharing is caring!


Növbəti mövsüm futbol üzrə Azərbaycan çempionatının 1-ci Liqasında mübarizə aparmaq üçün bir yerə eyniadlı iki namizəd var.

Oxu.Az xəbər verir ki, 2023/24 mövsümündə “İrəvan”a aşağı liqada oynamaq icazəsi verilib. Ancaq bu adda iki komanda var.

Məlumata görə, bunlardan biri “İrəvan” Futbol Klubu (FK), digəri “İrəvan” İdman Klubudur (İK). Futbol komandası öncədən mövcuddur və “ASK Arena” onların istifadəsinə verilib. Kluba böyük büdcə ayrılıb və ciddi şəkildə növbəti mövsümə hazırlaşır.

“İrəvan” İK-nın futbol komandası isə yeni formalaşdırılıb. Onlar da çempionat üçün heyət yığırlar. Hər iki tərəf iddia edir ki, 1-ci Liqada məhz onlar mübarizə aparacaqlar.

Peşəkar Futbol Liqasından Oxu.Az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, çempionatda iştirakına icazə verilən İrəvan FK-dır.

“Bizə yalnız “İrəvan” FK müraciət edib. 1-ci Liqada da bu komanda iştirak edəcək. Digəri ilə bağlı hər hansı məlumat yoxdur”, – deyə qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev bildirib.

Qeyd edək ki, I liqada 10 komanda mübarizə aparacaq. Çempionat sentyabrın 13-də başlayacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir