İdman

Minaya düşmüş şəxs: “Özümü əlil yox, futbolçu kimi görürəm” – FOTO

Sharing is caring!


“Özümü əlil yox, futbolçu kimi görürəm”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə amputant futbolçular arasında oyunun iştirakçısı Sənan Hacıyev deyib.

Hacıyev minaya düşərək sağ ayağını itirdiyini bildirib:

“Uşaqlıqdan futbola böyük həvəsim olub. Amma minaya düşdüm və yaralandım. Amputant futbol komandası haqda eşitdim, müraciət etdim və buraya gəldim. Mənim üçün dünya bir yana, futbol bir yana. Uşaq vaxtı küçələrdə, ağlım kəsəndən isə stadionlarda futbol oynamışam”.

Amputant futbolçu Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək istədiyini vurğulayıb:

“Ayağımı itirəndə çox pis olmuşdum. 18 yaşım var idi. İstər-istəməz təsir etmişdi. Futbola gələndən sonra artıq qəbullandım ki, həyat budur. İdmançı kimi Azərbaycanı ölkəmizdən kənarda təmsil edəcəyik”.

O, idmanın minadan zərər çəkən və müxtəlif bədən üzvləri amputasiya olunmuş şəxslərin həyatını dəyişə biləcəyini söyləyib:

“İdman ilk olaraq sağlamlıqdır. Şəxsən bunun mənim üçün əhəmiyyəti çox böyükdür”.

2015-ci ildə ayağını itirmiş Hüseyn Hüseynov tədbirin çox yaxşı təşkil olunduğunu deyib:

“Gələcək planlarımızın və arzularımızın həyata keçəcəyinə inanıram. Belə görüş təşkil etdiyi üçün ANAMA-ya təşəkkür edirik. Bunun üçün dövlətimizə minnətdaram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir