İdman

Ponomaryov: “Bizimkilər 25 dəqiqəyə yorula bilməzdilər”

Sharing is caring!


Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveç yığmasının qonağı olacaq.

Sports.az xəbər verir ki, milli komandamızın düşərgəsində bu oyun üçün səfərə çıxanlar arasında Azərbaycan futbolunun əfsanələrindən sayılan İqor Ponomaryov da var.

Vaxtilə İsveç çempionu, hər iki ölkənin futbolunda müəyyən xidmətləri olmuş Ponomaryov ötən gün millinin son məşqi zamanı bəzi suallarımızı cavablandırıb. O, öncə bu səfərlə bağlı təəssüratını açıqlayıb:

“İşimlə əlaqədar hazırda Azərbaycanda olsam da, ildə bir-iki dəfə buraya gəlirəm, tanışlara, qohumlara baş çəkməyə çalışıram. Xoşdur ki, millinin bu səfər oyununa məni də dəvət ediblər. 2001-ci ildə biz Stokholmda köhnə bir stadionda İsveç yığmasıyla qarşılaşmışdıq. “Friends Arena” yeni stadionlardandır. Yenidən Azərbaycan nümayəndə heyətinin tərkibində burada olmaqdan məmnunam”.

Ponomaryov Azərbaycan yığmasının seçmə mərhələnin ilk turunda Avstriyaya qarşı keçirdiyi oyundan (1:4) da söz açıb:

“Nə demək olar? Uşaqlar pis oynamadılar. Xüsusilə də ilk 20-25 dəqiqə ərzində yaxşı futbol sərgilədilər. Elə təəssürat yaranırdı ki, avstriyalılar meydanda nə edəcəklərini bilmirdilər. Məncə, bizimkilər 25 dəqiqəyə yorula bilməzdilər. Matçın startı haradasa bizimkilərdə arxayınlıq yaratdı, futbolçular öz mövqelərini itirməyə başladılar. Tədricən təşəbbüsə yiyələnən avstriyalılar da öz istəklərinə çatdılar. İlk qoldan sonra hər şey korlandı və komandamız oyundan qopdu. Amma futbol 90 dəqiqə oynanılır və sonadək mübarizə aparmaq lazımdır”.

Milli komandamızın sabiq üzvü bu gün qarşılaşacağımız İsveç yığmasını da dəyərləndirib:

“İsveç yığmasının bütün oyunlarını izləməsəm də, kimlərin dəvət aldığını bilirəm, nəticələri ilə maraqlanıram, futbolçularını tanıyıram. Şübhəsiz ki, güclü, yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Orada Aleksander İsak kimi gənc və güclü hücumçu var. Bu yaşına qədər üzərində çalışan Zlatan İbrahimoviçi də unutmaq olmaz. Emil Forsberqi xüsusi qeyd edərdim.

Çox yaxşı komandadır. Bu rəqibi qiymətləndirməmək olmaz. Yığmamızın bu rəqibə qarşı matçının çox çətin olacağını düşünürəm. Çox istərdim ki, müsbət nəticə qazanaq. Bu, futboldur və hər bir şey ola bilər. Futbolçularımız uğurlu nəticə üçün ilk dəqiqələrdən sona kimi yüz faiz güclərini ortaya qoymalıdırlar. Yekunda nəyin necə olacağını oyun göstərəcək”.

Ponomaryov istənilən halda milli komandamıza azarkeşlik edəcəklərini söyləyib:

“Əlbəttə, qələbə qazanmağımızı istərdim. Amma rəqib İsveç yığmasıdır. Bu komandada yaxşı futbolçular var. Hansı ki, hər biri Avropanın yaxşı klublarında forma geyinir. Səviyyə fərqi həmişə böyük rol oynayır. Amma digər ölkələrlə səviyyə fərqi nə qədər böyük olsa da, “Qarabağ” avrokuboklarda göstərir ki, istənilən rəqiblə oynamaq, nəticə qazanmaq mümkündür. Ona görə istənilən halda milli komandamızın qələbəsinə azarkeşlik edəcəyik. Hətta məğlub olsaq belə, biz bu komandanı dəstəkləməliyik. Futbolçularımıza bu oyunda uğurlar arzulayıram”.

Ponomaryov sonda ikinci vətəni adlandırdığı İsveçdən dəvət alacağı təqdirdə bu ölkədə işləməyə hazırlaşmadığını da söyləyib:

“Hazırda “Sabah”da çalışıram. Ona görə hansısa başqa iş və dəvətdən söhbət belə gedə bilməz”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir