Cəmiyyət

Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb

Sharing is caring!

Rusiyanın aparıcı TASS informasiya agentliyində Bakı Şəhər İcra Hakimiyyətinin və Tarix İnstitutunun birgə layihəsi çərçivəsində işıq üzü görən “Vətən müharibəsi tarixi. Şəxsiyyət amili” kitabı barədə məlumat dərc olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, layihənin rəhbəri və ön sözün müəllifi Eldar Əzizov TASS-ın müxbirinə bildirib ki, kitab 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsi və Azərbaycanın tarixi Zəfəri ilə başa çatmış 44 günlük Vətən müharibəsinə həsr olunub.

Bu, Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəblərinin və ölkənin öz torpaqlarını işğaldan azad etməsi istiqamətində həyata keçirdiyi işlərin təhlilinin, həmçinin Qarabağ probleminin həlli üçün müvafiq hüquqi bazanın yaradılması, iqtisadi islahatların həyata keçirilməsi və müasir ordu quruculuğu proseslərinin ümumiləşdirilməsinin ilk cəhdidir.
Nəşrdə proseslər ölkənin bütün resurslarını ən mühüm milli vəzifənin həllinə səfərbər etmiş Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyət amili nəzərə alınmaqla təqdim olunur.

Kitabın xüsusi əhəmiyyəti hadisələrin onların iştirakçılarının dilindən nəql olunmasıdır – döyüş əməliyyatlarının gedişatını müdafiə naziri Zakir Həsənov, diplomatik spektrləri xarici işlər naziri Ceyhun Bayramov təqdim edir, iqtisadiyyatın inkişafını iqtisadçı alimlər təhlil edirlər. Bundan əlavə, kitabda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, avtomobil və dəmir yollarının çəkilməsi, hava limanları, elektrik stansiyaları, sosial obyektlər və yaşayış komplekslərinin tikintisi barədə ətraflı informasiya öz əksini tapıb. Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mədəni-tarixi irsin bərpası istiqamətində aparılan genişmiqyaslı işlər oxucunun diqqətinə çatdırılır.

İxtisasca tarixçi olan Eldar Əzizov kitabın emosiyasız, yalnız faktlara, statistik məlumatlara və hadisələrin təhlilinə əsaslanaraq yazıldığını əlavə edib.

Nəzərə çatdırılıb ki, postsovet məkanında Qarabağda baş verən hadisələri diqqətlə izləyən ekspertlərin də böyük marağına səbəb olmuş kitab artıq Azərbaycan və rus dillərində dərc olunub, hazırda türk və ingilis dillərində nəşrin hazırlıq işləri aparılır.

Müəlliflər kitabın gələcəkdə dərs vəsaiti kimi istifadə olunacağını da istisna etmirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir