Cəmiyyət

Peşəkar və məsuliyyətli ordumuz var

Sharing is caring!

        2023-cü il sentyabrın 19-da Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri Xocavənd rayonunda minalardan istifadə etməklə diversiya hücumları törətdilər. Ermənistanın hədəfi yenidən güc tətbiq etməklə Azərbaycanın ərazilərini nəzarət altında saxlamaq və ərazi iddialarını davam etdirmək idi. Bunları nəzərə alan Azərbaycan Ordusu Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası üçün lokal xarakterli antiterror tədbirlərini həyata keçirməyə məcbur oldu.

      Lokal antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu. Necə ki, hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısa müddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya bəyan etdi. İyirmi dörd saatdan da az müddətə sığan və uğurla yekunlaşan antiterror tədbirləri unikal hərbi əməliyyat kimi dünya səviyyəsində böyük heyranlıq doğurdu.

        Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.

        Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunmuşdur. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilmişdir.

        Dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda
yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən
sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə separatçı rejimin
ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi.  Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. Beləliklə, dövlətimiz öz sözünü dedi. İndi daha nə demək olar? Ermənilər qalib Azərbaycanın şərtlərini qəbul etməlidirlər. Etməsələr, özlərindən küssünlər.

İslam İsgəndərov,
Cəlilabad şəhər kommunal

müəssisələri kombinatın direktoru       

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir