Cəmiyyət

Xalqımızın yaddaşında əbədi qalacaq hadisə

Sharing is caring!

       Qarabağın azad edilməsi uğrunda hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatdı. 2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Ağdam, Laçın və Kəlbəcər şəhərləri isə bir güllə atılmadan azad edildi.

       Lakin bunlar erməni separatçılarına dərs olmadı. Buna görə də mübarizəni müxtəlif yollarla davam etdirmək və tam qələbəyə nail olmaq zəruri idi. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdu. Separatçıların Qarabağda qeyri – qanuni fəaliyyətlərinə qarşı Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirildi.

       2023-cü il 19-20 sentyabr tarixlərində baş verən antiterror əməliyyatı  bölgədəki terror təşkilatlarına qarşı yönəlmiş mübarizənin bir hissəsi olaraq, hökumət tərəfindən geniş miqyaslı bir tədbir olaraq həyata keçirildi. Bu əməliyyat regionda təhlükəsizlik vəziyyətinin yenidən nəzərdən keçirilməsinə və ciddi dəyişikliklərə səbəb oldu.

       Antiterror tədbirləri zamanı bizim hərbçilərimiz böyük qəhrəmanlıq,
şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.

      Azərbaycan Prezidenti İlham Əliyev  2023-cü ili xalqımız üçün uğurlu il kimi qiymətləndirərək, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş verdiyini, bu ilin dövlət suverenliyimizin bərpa olunmasının Azərbaycan xalqının yaddaşında əbədi qalacağını qeyd edib. Gerçəkdən də 2023-cü ilin ilk günlərindən ta sentyabrına qədər ardıcıl və məqsədyönlü aparılan antiterror siyasəti axırda 1 günlük antiterror əməliyyatı İlə başa çatdı və həm prosesin gedişatı, həm də nəticəsi ölkəmiz üçün uğurlu oldu.

Fizuli Cəfərov,

Vətən müharibəsi iştirakçıları və

şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir