Cəmiyyət

Azərbaycan torpaqlarının işğalı 30 il davam edib.

Sharing is caring!

Ermənistan SSR Ali Sovetinin qərarları Ermənistanın təcavüzkar mahiyyətini açıq-aydın ortaya qoyurdu. Azərbaycana qarşı ərazi iddiaları təkcə millətçi qruplar tərəfindən deyil, həm də Ermənistanın hakimiyyət strukturları tərəfindən irəli sürülürdü. Ermənistan nəyin bahasına olursa-olsun Azərbaycan ərazisinin bir hissəsini zəbt etmək istəyirdi. 1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli Hərəkatının qalib gəlməsi nəticəsində respublikada müharibəni təbliğ edən ifrat millətçi və şovinist qüvvələr hakimiyyətə yiyələndilər. Bu isə onların təcavüzkar müharibəyə başlamasını daha da sürətləndirdi. Yerevan bütün səylərini qeyri-rəsmi hərbi birləşmələrin yaradılmasına və onların silahlandırılmasına yönəldərək problemi öz məqsədlərinə uyğun, güc yolu ilə həll etməyə üstünlük verdi. Məhz bu səbəbdən Ermənistan danışıqlar prosesinə heç vaxt ciddi yanaşmayıb və bundan yalnız beynəlxalq ictimai rəydə görüntü yaratmaq məqsədi ilə yararlanmağa çalışıb. Milli liderin xilaskarlıq missiyası: 1993-cü il iyunun 15-də Milli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. Ulu Öndər belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi. Azərbaycan torpaqları 30 il işğal altında qalsa da, 1 milyondan çox vətəndaşı öz torpağında məcburi köçkün vəziyyətinə düşsə də, hətta müharibə bitdikdən sonra belə təxribatlarla, mina terrorları ilə üzləşsə də bölgədə davamlı və dayanıqlı sülhün təmin olunması üçün Ermənistana sülh təklif edir. Ancaq təəssüf ki, Ermənistan hələ də sülh istiqamətində lazımi addımları atmaqdan çəkinir. Ümid edirik ki, nəhayət Ermənistan vəziyyəti düzgün dəyərləndirəcək və ən çox öz xalqı üçün zəruri olan sülh istiqmətində əsaslı gedişlər edəcək.

Nicat Mütəllimov

Saatlı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir