Bölgə

BÖYÜK QƏLƏBƏNİN RƏHNİ

Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Ötən ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Döyüşlərin ilk günündə Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunub. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub.
Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib. Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub. Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub.
Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Cəbrayıl şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədib. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olub. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. Cəbrayılın azad edilməsi Azərbaycan xalqında ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı.
Vüqar Cavadov, Cəlilabad Gİİ rəis müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir