Araşdırma

Dövlət Aqrar Universiteti rektorunun “Türk Hava Yolları” ilə 252 minlik müəmmalı müqaviləsi – ARAŞDIRMA

Sharing is caring!

Bir qrup professor və müəllim Azərbaycan Dövlət Aqrar Universitetindən şikayətçi düşüblər. XəbərAl.az Tribunainfo.az-a istinadən xəbər verir ki, onlar universitetdə özbaşınalığın pik həddinə çatdığını iddia edirlər.
Şikayətçilər bildirirlər ki, ADAU-nin rektoru Zəfər Qurbanovun aqrar sahədən ümumiyyətlə xəbəri yoxdur. “O, bu günə qədər nə düz əməlli bir kadr islahatı aparır, nə universitetin inkişafı üçün bir addım atır, nə də müəllimlərin sosial rifahının yaxşılaşdırılması üçün əmək haqqını qaldırır”.
Ölkə Prezidentinə müraciət edən ADAU-nin müəllimləri qeyd edirlər ki, rektor Dünya Bankının xətti ilə tikilən, praktik və əyani tədris vasitəsi olan fermanı tamamilə ləğv edib. “Bu ferma tələbə yataqxanasının yaxınlığında yerləşirdi. Onu tam dağıdaraq dedi ki, Uçxoz var. Uçxozda olan təsərrüfat isə çox uzaqdır, ona görə də ora tələbələr gedə bilmir. Bunlar da tədrisə çox pis təsir göstərir, dünya bankının xətti ilə tikilən bu fermalarda sadəcə idarəçiliyi nizamlamaq lazım idi. Lakin Zəfər Qurbanov bunu etmək əvəzinə, bu fermaları tamamilə dağıtdı”.
Onlar bildirirlər ki, sabiq rektor İbrahim Cəfərov baytarlıqda oxuyan tələbələrə dərsdən sonra aylıq əmək haqqı verərək həm işlədirdi, həm də onları öyrədirdi. “Amma indi Zəfər Qurbanov həm maşın-traktor parkını dağıdır. Həm heyvanları tamamilə satır, həm də deyir ki, bunları saxlamağa vəsait yoxdur”.
Müəllimlər vurğulayırlar ki, Zəfər Qurbanov bir müddət əvvəl kafedraları və diğər strukurları idarə etmək üçün menecer axtarmağa başlayıb. “Bu adam başa düşmür ki, menecer sözünün mənası nədir? Ötən il Aqronomluq fakültəsində uzun müddət Elmi-Tədqiqat İnstitutunun direktoru işləmiş, Gəncə Regional Aqrar Elm Mərkəzinin direktoru olmuş, “Tərəqqi” medalı almış Həsənəli Aslanovu aşağılayaraq, “mənə sənin kimi elmlər doktoru lazım deyil , sən get, alimliyinlə məşğul ol, mənə kafedranı idarə etmək üçün menecer lazımdır” dedi. Zəfər Qurbanov yaxşı işləyən, tələbələrin sevimlisi, məsuliyyətli, çox savadlı olan Hümbət Hümbətovu vəzifəsindən, hətta müəllimlikdən belə çıxartdı. İndi isə Meşəçilik kafedrasının müdiri Vidadi Səmədovu təhqir edir. Halbuki Vidadi Səmədov Ulu Öndər tərəfindən Moskvaya oxumağa göndərilən kadrlardan biridir. Onun böyük təcrübəsi və elmi biliyi var”.
ADAU-nin şikayətçi müəllimləri daha sonra bildiriblər ki, rektor iclaslardan birində Vidadi Səfərovun təhsildən, dərslərdən danışmasına irad tutub. “Zəfər Qurbanov Vidadi müəllimin sözünü kəsərək, “Sən tələbələrə qarşı çox tələbkarsan, tələbkarlığı azaltmalısan. Sən nə qədər dərsdən danışacaqsan? Yeri gələndə sən auditoriyada tələbələrə nağıl danış, lətifə danış. Elmdən az danış, qoy, tələbələr narazı qalmasın” deyib”.
Şikayətçilər hazırda ADAU-da imtahan sessiyasının getdiyini, bu sessiyada rüşvətxorluğun baş alıb getdiyini iddia ediblər. “Maraqlıdır, Zəfər Qurbanov hansı üzlə deyir ki, mən olan yerdə rüşvət ola bilməz? Zəfər Qurbanovun idarəçiliyi altında dekan Famil Nəsibov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əlində külli miqdada pul ilə tutuldu, məhkəmə qərarı ilə işindən azad edildi. İndi onun yenidən universitetdə işinə bərpa olunması üçün söz də verib”.

Şikayətçilər daha bir maraqlı məsələyə toxunublar. Onlar deyir: “Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türk Hava Yolları aviabiletlərin satınalınması üzrə başlanıldığı tarix bəlli olmayan açıq tender müsabiqəsinə yekun vurulmuş və “Türk Hava Yollari Anonim Ortakliği”nın
Azərbaycandaki nümayəndəliyi ilə 252100 manat və digər məbləğlərdə bir neçə dəfə satınalma müqaviləsi bağlanmışdır. Maraqlıdır, Azərbaycan Dövlət Aqrar Universitetinə aviabiletlərin satınalınmasına təcili tələbat hansı zərurətdən yaranıb? Azərbaycan Dövlət Aqrar Universitetindən 27.03.2024-cü il tarixdən 31.12.2024-c il tarixə neçə nəfərin, nə məqsədlə, haradan, haraya uçacağı bəlli olmayan aviabiletlər alması nə qədər təcili tələbatdır? Vaxtı əvvəlcədən müəyyən olunmuş hər hansı bir beynəlxalq tədbirlərə aviabiletlər bron etmək olar. Məlum olduğu kimi aviabiletləri bir neçə ay qabaqcadan sifariş verdikdə, yəni bron etdikdə qiymətlər xeyli aşağı ola bilər. Belə olan təqdirdə, Azərbaycan Dövlət Aqrar Universiteti 252100 manata ən azı 350 -400 bilet bron etmiş olur”.
Onlar qeyd ediblər ki, dövlət satınalmalarının vahid internet portalında Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 25 nəfər türk
mütəxəsislərin hər biri ilə 12.240 manat məbləğində satınalma müqaviləsi bağladığı barədə 18.03.2024-cü il tarixdə məlumat açıqlanıb. “Bütün bunlar universitetin büdcəsinin dağıdılmasına və Zəfər Qurbanov tərəfindən mənimsənilməsinə xidmət edir”.
ADAU-nun müəllim heyəti Prezident İlham Əliyevə müraciət edərək, ondan kömək istəyirlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir