Ana Səhfə Gündəm

Kəlbəcərin bu kəndləri hələ də Azərbaycana qaytarılmayıb — İlk dəfə deputat AÇIQLADI

Sharing is caring!

Fəzail Ağamalı: “Rusiyanın sülhməramlı qüvvələri erməni separatçılarının yanındadır, onların mövqeyini müdafiə edir”

“Kəlbəcərin Ağdaban kəndinin Azərbaycana qaytarılması ətrafında müxtəlif manupulyasiyalar gedir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib.

Fəzail Ağamalı deyib ki, hazırda Kəlbəcərin Ağdaban və ona yaxın kəndlərin ətrafında xoşagəlməz proseslər gedir:

“Möhtərəm, cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Ağdam və Laçın kimi, Kəlbəcəri də Vətənimizə qovuşdurdu. Şəhid vermədən Kəlbəcər də erməni işğalından azad edildi. Artıq ermənilərin bu və ya digər təxribatlarına, göstərdikləri müqavimətə baxmayaraq, dövlətimiz və onun müvafiq qurumları, xüsusi olaraq, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həmin ərazilərdə Azərbaycanın suverenliyini reallaşdırmaqda, düşmənin təxribatlarını qətiyyətlə aradan qaldırmaqda, onun müqavimətini ciddi şəkildə qırmaqdadır.

Təəssüflər olsun ki, indi Kəlbəcərin Ağdaban və ona yaxın kəndlərin ətrafında xoşagəlməz proseslər gedir.

Xatırlatmaq istərdim ki, Ağdaban kəndi Azərbaycan mədəniyyətinə Dədə Şəmşir kimi nəhəng ustad sənətkar təqdim edib. Bu kəndin sakinləri hər zaman dövlətçiliyimizlə bərabər olublar.

Təsadüfi deyildi ki, Ağdaban sakinlərinin Ermənistan silahlı qüvvələrinə qarşı göstərmiş olduğu fədəkarlığa görə erməni vandalları tərəfindən 1992-ci il aprelin 7-dən 8-ə keçən gecə soyqırıma məruz qalıblar. Erməni daşnakları Ağdabanın 130-dan çox evini tamamilə yandırdı, 779 nəfər dinc sakinə divan tutuldu, soyqırım nəticəsində 67 nəfər amansızcasına qətlə yetirildi.

Eyni zamanda 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırıldı. Bu qətliam zamanı 2 nəfər itkin düşdü, 12 nəfər ağır bədən xəsarəti aldı və 5 nəfər girov götürüldü. Belə bir faciə ilə üzləşən Ağdaban SSRİ dövründə anklav şəkildə Ağdərənin ərazisində olmasına baxmayaraq, yenə də bütün rəsmi sənədlərdə Kəlbəcərin kəndi kimi qeyd olunub. İndi bu kəndin Kəlbəcərə qaytarılması ətrafında müxtəlif manupulyasiyalar gedir.

Çox təəssüf ki, Rusiyanın sülhməramlı qüvvələri də məhz erməni separatçılarının yanındadır, onların mövqeyini müdafiə edir. Bu olduqca haqlı olaraq çox ciddi narahatçılıq və narazılıq doğurur”.

Deputat xatırladıb ki, 1992-ci ildə müstəqil Azərbaycan dövlətinin apardığı inzibati ərazi bölgüsündə Mardakert rayonu ləğv edilərək, onun kəndləri Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazisinə daxil edilib:

“Dəyişiklik həm də bütövlükdə keçmiş Dağlıq Qarabağ vilayəti ərazisində aparılmışdır.

Dünyanın istənilən ölkəsində inzibati ərazi dəyişikliyinin aparılması onun müstəsna hüququdur. Və bu dəyişiklik heç bir halda Beynəlxalq hüququn təsir dairəsinə daxil deyil. Bu baxımdan keçmiş Dağlıq Qarabağ vilayətinin inzibati ərazisini əks etdirən bölgünün heç bir hüquqi əsası yoxdur.

Digər tərəfdən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən 44 günlük “Dəmir yumruq” hərbi əməliyyatı erməni faşistlərinin bütün uydurmalarını və işğalçı niyyətlərini tamamilə darma-dağın etdi. Ali Baş Komandan və qəhrəman Silahlı Qüvvələrimiz status – kvonu həmişəlik olaraq cəhənnəmə göndərdi.

Təəssüflər olsun ki, hazırda Rusiyanın Sülhməramlı qüvvələrinin masası üzərində keçmiş Dağlıq Qarabağ vilayətinin SSRİ dövründə dərc olunan xəritəsi yer alır və əsas kimi götürülür. Bu yanaşma Beynəlxalq hüquq normalarına və Azərbaycanın suveren hüquqlarına tamamilə ziddir və bir başa erməni seperatizminin himayəsi, sülhməramlı qüvvələrin səlahiyyətlərinin aşması deməkdir.

Ona görə də Rusiyanın sülhməramlı qüvvələri ədalətə və haqqa söykənərək, Azərbaycanın süveren hüquqlarına hörmət etməli və qüvvədə olan Azərbaycanın inzibati ərazi bölgüsünə hörmətlə yanaşmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir