Bu gün saat 15:00-dan etibarən Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyə prosesinə başlanılıb.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.
Səfir deyib ki, artıq dünən Azərbaycan hökuməti tərəfindən zəlzələ bölgələrində yaşayan azərbaycanlıların təxliyəsi ilə bağlı qərar qəbul edilib və bu gün saat 15:00-dan başlayaraq Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana vilayətlərinin avtovağzallarından təxliyə avtobusları yola düşür.
“Biz operativ qərargahlara daxil olan zəngləri araşdırırıq və bunun əsasında təxliyə ediləcək insanları avtobuslara yerləşdiririk”, – səfir əlavə edib.
Rəşad Məmmədov qeyd edib ki, təxliyə ediləcək Azərbaycan vətəndaşları Gürcüstan üzərindən Vətənə yola salınacaq:
“Artıq bir neçə avtobus dolub və yola düşür”.
Səfir təxliyə ediləcək Azərbaycan vətəndaşlarının sayını açıqlamayıb.
Səfir qeyd edib ki, təxliyə olunanların sayını axşam elan edəcəklər.
Xeberal.az