Siyasət

Azərbyacan Rusiya arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.

Sharing is caring!

Avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mübadiləsi mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Rusiya Prezidenti Vladimir Putin ilə mətbuata birgə bayanatında bildirdi ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Dövlətimizin başçısı Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edir: “Bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik… Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir… Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır.”
Təkcə cari ilin ötən dövründə Azərbaycan xarici siyasətində əldə etdiyi uğurlara diqqət yetirək. Şanlı və tarixi Zəfərimizdən sonra ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri daha yüksələn xətlə inkişaf edir. Bunun əsas səbələrindən biri Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməzliyidir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətləri inkişaf etdirən Azərbaycanın qonşu dövlətlərlə əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinə göstərdiyi maraq atdığı davamlı addımlardan daha aydın görünür. Hazırda Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşuluq münasibətlərinin inkişafının prioritetliyini daha aydın görmək mümkündür. 18 avqust tarixində Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri, imzalanan sənədlər, Prezidentlərin məhdud və geniş tərkibdə keçirdikləri görüşdə, eləcə də mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər iki dost ölkənin mümasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq saldı. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir. Keçirilən görüşlər, müzakirə olunan məsələlər uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Ölkələr arasında imzalanan sənədlər arasında “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında 2024-cü ilədək Əməkdaşlıq Proqramı” kimi sənədlər həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından mühüm önəm daşıyır.
Şanlı Zəfərimizdən sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqların təşəbbüskarları sırasında Rusiya var. Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatında onu da qeyd etdi ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək göstərəcək: “Biz, həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq.”
Ölkələrimiz arasında münasibətlərimizin dünəninə baxış əsasında bu qənaət səsləndirilir ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da davamlı inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir