MARAQLI

Millət necə tarac olur olsun nə işim var?! – Elçin Ağamalı yazır…

Sharing is caring!

İstəsəniz yazıda gedən İSTƏMİRƏM sözünü İSTƏYİRƏM, İSTƏYİRƏM sözünü İSTƏMİRƏM kimi də oxuya bilərsiniz. Hər cür düşüncəyə sayqı var.

Azərbaycanda Formula 1 kimi beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsini istəmirəm. İstəmirəm ki, onlarla televiziya kanalı, bloggerlər Azərbaycandan yayım etsinlər, dünyanın əksər televiziya kanalları yarış haqqında reportaj versinlər.

İstəmirəm ki, ölkəmizə çox sayda turist gələrək xidmət sahəsində çalışan iş yerlərimizə- otellərə, restoranlara, taksilərə xeyir versinlər.

İstəmirəm ki, televiziyadan Bakı Qrand Prisinə baxan hər hansı bir əcnəbi ölkəmizə turist kimi gəlmək fikrinə düşsün. Yoxsa öz həyat baxışları ilə milli mentalitetimizi pozarlar.

İstəmirəm ki, dünyanın hansısa bir başında oturub Formula 1 kompüter oyunu oynayan milyonlarla insan Bakı Qrand Prisini oynasın.

İstəmirəm ki, Azərbaycanın adı Formula 1-in keçirildiyi digər ölkələrlə-ABŞ, Kanada, Hollandiya , Belçika, Sinqapur, Yaponiya, Səudiyyə Ərəbistanı və s. ölkələrlə yanaşı çəkilsin.

İstəmirəm ki, Vill Smit kimi dünyaca məşhur gəlib Azərbaycanda konsert versin. Konsert vermək azmış kimi bir də üzərində “səni sevirəm Azərbaycan” yazılmış köynək geyinərək düşmənləri qıcıqlandırsın. Bunlardan maa nə?

İstəyim odur ki, öz avtomobilimlə gedəcəyim yerə normal tıxac şəraitində gedim. 5-6 gün bu əziyyətə düçar olmayım, ictimai nəqliyyatdan istifadə etməyim. Paris Olimpiadası görün nə gözəl idi. Televizordan baxıb səfasını biz çəkdik, cəfasını Parisllilər. Düşmənə bu da azdır. Ümumiyyətlə hesab edirəm ki, biz ermənilərlə düşmənçiliyimizi yeni fazaya yüksəltməliyik. Azərbaycan bütün beynəlxalq idman, mədəni və siyasi tədbirlərin keçirilməsinin İrəvana salınmasına çalışmalı və buna nail olmalıdır. Qoy onların nəqliyyatı bir neçə günlüyə də olsa iflic olsun. Qazanılan dividentlər o qədər də vacib deyil. Biz televizordan baxaq və erməni xalqının necə əziyyət çəkdiyinə sevinək.
Rəhmətlik Sabirdən çox bilmirik ki. Kişi vaxtında deyib sözünü:
Mən salim olum, cümlə cahan batsa da batsın,
Millət necə tarac olur olsun nə işim var?!

Müəllif: Elçin Ağamalı

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir