İdman

Frayburq təəssüratı: Alman dəqiqliyi, alman istiliyi… – REPORTAJ + FOTO

Sharing is caring!

UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu üçün “Qarabağ” Almaniyanın Frayburq im Breisqau şəhərinə yola düşüb.

“Report”un Frayburqa ezam olunan əməkdaşı səfər və şəhər haqda reportaj hazırlayıb. Reportajı təqdim edirik:

Səfər öncəsi futbolçuların, məşqçilər heyətinin əhvalı yüksək idi. Baş məşqçi Qurban Qurbanov beş saatlıq uçuş ərəfəsində belə, köməkçiləri ilə rəqib haqqında danışır, müxtəlif müzakirələr aparırdı. Hətta mütəxəssisin komandanın aparıcı oyunçularından sayılan Abdullah Zubiri yanına çağıraraq, ona nələrisə izah etməsi diqqətdən yayınmadı.

Frayburqda hava limanı olmadığı üçün “Qarabağ” İsveçrənin Bazel şəhərinə, buradan isə sözügedən məkana yollandı. Təxminən yerli vaxtla saat 21:00-da rəsmi adı Frayburq im Breisqau olan və almanların qısaca Frayburq adlandırdıqları şəhərə çatdıq.

Frayburqun Bakı ilə fərqləri

Ölkənin cənub-qərbində yerləşən şəhər gözləniləndən də sakit təsir bağışlayırdı. Axşam saatlarında şəhərin mərkəzi hissəsi istisna olmaqla, demək olar ki, hər yer sakitliyə qərq olur. Saat 22:00-dan sonra burada işləyən ticarət mərkəzi və ya market tapmaq müşkülə çevrilir. Ancaq başqa millətlərin nümayəndələri bu vaxtlar öz məkanlarını açıq saxlayırlar. Hansısa almanın gecə saatlarında işləməsinə, çətin ki, rast gəlinsin. Yəqin ki, tək Frayburqda yox, ölkənin digər şəhərlərində də vəziyyət eynidir. Onu da nəzərə almaq lazımdır ki, saat 07:00-dan işə başlayan müəssisələr var. Bu da bir daha alman dəqiqliyini göstərir.

Əhalisi təxminən 300 minə yaxın olan Frayburqda ictimai nəqliyyat kimi tramvaydan da istifadə olunur. Bir vaxtlar Bakıda da mövcud olan tramvaylar indi şəhər küçələrində gen-bol şütüməkdədir. Bəzi küçələrdə tramvay yollarının salınması üçün indinin özündə də tikinti işləri gedir. Şəhərdə velosipeddən istifadə edənlər də çoxluq təşkil edirlər. Bunun üçün xüsusi zolaqlar var. Bu da ekologiyanın təmizliyi baxımından önəmlidir.

Burada qədim tikililərlə yanaşı, gözoxşayan yeni binalar da inşa olunub. Həmin binalar ki, şəhərin ümumi görünüşünə başqa gözəllik verir.

Frayburqda havalar Bakıya nisbətən soyuq olsa da, almanlar ünsiyyət baxımından bir o qədər də soyuq deyillər. Yerlilər onlara müraciət edən əcnəbilərə köməklik etməkdən boyun qaçırmırlar. Bəlkə də, iki günə görə hansısa əhali ilə bağlı fikir yürütmək düzgün deyil. Ola bilsin, biz yaxşı almanlara rast gəlmişik…

Üçtəkərli velosiped üçün evakuator

Şəhərdə şahidi olduğumuz maraqlı hadisəni xüsusi vurğulamaq istəyirəm. Mərkəzdə qida məhsulları daşıyan üçtəkərli velosipedin sıradan çıxdığını və təmirə ehtiyacının olduğunu gördük. Velosipedi idarə edən şəxs bir an belə tərəddüd etmədən evakuator çağırdı. Hansısa velosiped üçün evakuatorun çağırılmasını bir də çətin görək.

İkinci günün sonunda Frayburqda yağışlı havaya da şahidlik etdik. Oyun vaxtı da yağışın olacağı gözlənilir. “Yağış – bərəkətdir” deyiblər. Ümid edək ki, bu yağışın bərəkəti məhz “Qarabağ”ın xeyrinə olacaq.

Yağışdan qaçıb doluya düşməyək!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir