Xarici siyasət

Sahibə Qafarova italiyalı deputatlarla görüşdü – FOTO

Sharing is caring!

Dekabrın 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker bildirib ki, bu səfər ölkələrimiz və parlamentlərimiz arasında mövcud əlaqələrin dərinləşməsinə xidmət edir:

“Təqdirəlayiq haldır ki, tarixən qədim köklərə malik əməkdaşlığımız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu gün Azərbaycan və İtaliya iki yaxın dost və strateji tərəfdaşdırlar. Əlaqələrimizin bu səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir”.

Sədr qeyd edib ki, siyasi, iqtisadi, mədəni sahələrdə iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir:

“Siyasi dialoqun davamlılığı iqtisadi əməkdaşlığımızın daha da dərinləşməsinə öz müsbət təsirini göstərir. Heç də təsadüfi deyildir ki, İtaliya Avropada Azərbaycanın ən mühüm ticarət tərəfdaşıdır. Təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 6 milyard ABŞ dolları həcmində olub. Cari ilin yanvar-oktyabr aylarında isə bu göstərici 4,2 milyard ABŞ dolları təşkil edib. Mütəmadi olaraq biznes forumların keçirilməsi iqtisadiyyatın ən müxtəlif sahələrində əlaqələrin dərinləşməsinə xidmət edir.

Bu gün müstəqil Azərbaycan Avropanın enerji təhlükəsizliyi arxitekturasına öz töhfəsini verməkdədir. Təkcə neft deyil, TANAP və TAP kimi qaz layihələri də buna parlaq misaldır”.

Görüşdə S. Qafarova mədəni, humanitar, elm, təhsil sahələrində də əməkdaşlığımızın yüksək səviyyəsindən danışıb. Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun və UNESCO-nun xoşməramlı səfiri kimi İtaliyada həyata keçirdiyi layihələr geniş ictimaiyyətə yaxşı məlumdur.

Söhbətdə sədr deyib ki, münasibətlərimizin inkişafında parlamentlər yaxından iştirak edirlər:

“Son illər Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yaranıb. Qarşılıqlı həyata keçirilən yüksək səviyyəli səfərlər bunun bariz nümunəsidir. Sevindirici haldır ki, bu gün ölkələrimizin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Bu qruplar arasındakı qarşılıqlı təmaslar təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir”.

Spiker qonaqların ölkəmizə səfərləri çərçivəsində Azərbaycanın Gəncə və Ağdam şəhərlərində olmalarını, Ermənistan tərəfindən törədilən hərbi cinayətlərlə yaxından tanış olmalarını yüksək qiymətləndirib. Bildirilib ki, 44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

Söhbətdə Milli Məclisin sədri bütün dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda italiyalı deputatların Azərbaycana səfərini yüksək qiymətləndirib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Ettore Rosato ölkəsinin Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. Qonaq bildirib ki, onların Azərbaycana səfəri məhz ölkəmizə olan dostluq münasibətinin göstəricisidir:

“Siyasi müstəvidə ən yüksək səviyyələrdə davamlı olan dialoq parlamentlərarası münasibətlərimizdə də özünü göstərir. İtaliya Senatının və Deputatlar Palatasının müxtəlif siyasi partiyaları təmsil edən bir qrup üzvünün Azərbaycanın Gəncə və Ağdam şəhərlərinə səfərlərini də məhz bu baxımdan dəyərləndirmək lazımdır”.

Qonaq qeyd edib ki, Azərbaycanın dostu kimi  onlar bölgə həqiqətlərini, burada gördüklərini İtaliya və dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini əsirgəməyəcəklər. Ettore Rosato vurğulayıb ki, onlar Avropa institutlarında Azərbaycanın mövqeyinin güclənməsinə hərtərəfli dəstək verəcəklər.

Görüşdə çıxış edən İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri Rossana Boldi, italiyalı senatorlar Maria Rizzotti, Adolfo Urso, Deputatlar Palatasının üzvü Pino Kabras, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrimizin bugünü və gələcək inkişaf perspektivləri, həyatın digər sahələrində münasibətlərimizin daha da dərinləşməsi barədə öz fikirlərini bölüşüblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir