Təhsil

Azərbaycanda dərslər bu şərtlərlə başlaya bilər – AÇIQLAMA

Sharing is caring!

“Biz 2020-ci il sentyabr ayının 15-dən tədris prosesinin hibrid formasında təşkili ilə tanışıq. Bundan əlavə, Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci ildə qəbul və buraxılış imtahanlarını keçirdi. Bu prosesdə 250 min insan iştirak etsə də, bir nəfər də olsun yoluxma halı qeydə alınmadı. Lakin sentyabrın 15-dən orta məktəblərdəki vəziyyətə diqqət etsək, bir aya yaxın məktəblərdə təhsil davam etsə də, təəssüflər olsun, 60-dan yuxarı yoluxma faktı qeydə alındı. Bu, onu göstərir ki, problem tədrisin təşkilindədir”.

XəbərAl.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, tədrisin yenidən təşkili ilə bağlı ilk növbədə sıxlığı aradan qaldırmaq lazımdır:

“Əminəm ki, Təhsil Nazirliyi təhsilin bərpası ilə qərar qəbul edəcək. Amma burada müəyyən nüanslar var. Tədris təkcə orta məktəblərin açılması ilə bərpa olunmamalıdır. Eyni zamanda ali təhsil müəssisələrində 1-ci və 4-cü kurslar üçün də təhsil açılmalıdır. Ona görə ki, 1-ci kurs tələbələr universitetə ayaq basa bilməsələr də, tam şəkildə təhsil haqqını ödəyiblər. Bir çox proqram da mənimsənilməyib.

Dördüncü kurslara gəldikdə isə, onların diplom işləri, pedaqoji və istehsalat təcrübələri və kifayət qədər həll edilməli problemləri var. Bu tələbələrin həmçinin kəsirləri də var və bu, həll edilməlidir. Uzaq məsafədən həmin kəsirlərin həll edilməsi akademik cəhətdən mümkün deyil.
Hesab edirəm ki, mərhələli və pilləli şəkildə tədris prosesinin açılışına getmək olar.

Lakin bu dəfə əvvəlkindən fərqli yanaşma lazımdır. Əvvəla şagird sıxlığı tamamilə minimuma enməlidir. Bunun üçün ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarında ikinci, üçüncü kursda oxuyan və ya dördüncü kursda istehsalat təcrübəsinə gedən tələbələri bu prosesə cəlb etmək lazımdır. Onlar vasitəsilə məktəblərdə müəllim çatışmazlığını aradan qaldırmaq mümkündür”.

Təhsil eksperti hesab edir ki, eyni zamanda könüllü şəxslərin onlayn dərs keçmələrinə imkan vermək lazımdır: “Etiraf edək ki, tədris prosesi bərpa ediləndən sonra heç də bütün valideynlər övladlarını məktəbə yola salmayacaqlar. Vəziyyətdən narahat olan kifayət qədər şəxs olacaq ki, onlar uşaqlarını qoymayacaqlar. Onların müəllimləri isə məktəbdə bir neçə dərs keçdiyi üçün əlavə onlayn dərs keçməkdə problem yaşayacaqlar. Buna görə alternativ müəllimlər təklif edilməlidir ki, dərs prosesində iştirak etməyənlər həmin müəllimləri əvəz edə bilsinlər.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, 9 və 11-ci sinif şagirdləri bu il buraxılış və qəbul imtahanları verəcəklər. Bu səbədən onların məktəblərə getməsi olduqca zəruridir. Təklif edirəm ki, orta ümumtəhsil məktəblərinin 1, 3, 5, 7, 9, 11-ci sinif şagirdləri həftənin birinci, üçüncü və beşinci günləri məktəbə gəlsinlər. Digər siniflərdə təhsil alan şagirdlər isə ikinci, dördüncü və altıncı günlərdə məktəblərə gedə bilsinlər. Məktəblərdə şagirdlər bir qapıdan daxil olub digər qapıdan çıxmalıdırlar. Giriş və çıxış qapısı eyni olmayanda şagirdlərin məsafə təmasları az olacaq. Qoruyucu maskalar, ara məsafələri və dezinfeksiya vasitələri də istifadə olunmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir