Təhsil

Ali təhsil müəssisələrinə qəbul imtahanları keçirildi: İki nəfər buraxılmadı

Sharing is caring!

Dövlət İmtahan Mərkəzi tərəfindən 20 avqust 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.

Mərkəzdən verilən məlumata görə, imtahanlar 16 şəhər və rayonda təşkil olunub.

İlkin məlumatlara əsasən, iki nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıblar. Digər iki nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunublar.

Avqustun 21-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın iki həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri üzrə) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, avqustun 21-də saat 16:00-da DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən bu gün və sabah keçirilən imtahanlarda istifadə olunan test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş izahat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir