Tədbirlər

Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

Sharing is caring!

Avqustun 1-i Nizami rayonu İcra Hakimiyyəti və Nizami rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub. Tədbir Nizami rayonunda yerləşən Kimya-biologiya təmayüllü respublika liseyində baş tutub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Mədəniyyət mərkəzinin metodisti Tənzilə Lətifova tədbiri açıq elan edərək bu əlamətdar günün əhəmiyyəti barədə söhbət açıb, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı naminə gördüyü işlər barədə tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci ildə Azərbaycan dilinin inkişafı ilə bağlı imzaladığı sərəncam da dövlətin dilə qarşı həssas münasibətinin bariz nümunəsidir.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qətibə Mahmudova ana dilimizin inkişaf tarixi barədə məlumat verib. O, Azərbaycan dilinin keçdiyi mərhələləri müqayisə edərək müxtəlif dövrlərdə tərtib olunan əlifbalar barədə söhbət açıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Nadir Yalçın Azərbaycan dilinin aktual problemlərinə toxunub, bu problemlərin həlli istiqamətində cəmiyyətin üstünə düşən məsuliyyət barədə söhbət açıb. Dilimizin zənginliyi barədə fikirlərini bölüşən gənc yazıçı dil təəssübkeşliyinin zəruri olduğunu vurğulayıb.

Nizami rayonu İcra Hakimiyyətinin ictimai-siyasi-hümanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov, Nizami rayonu Ağsaqqallar şurasının sədri Mayıl Əliyev, İcra Hakimiyyətinin məsul işçisi, Müsavat partiyasının idarə heyətinin üzvü Könül İsmayılova çıxış edərək gəncləri dil məsələləri ilə bağlı mühafizəkar olmağa çağırıblar, öz tövsiyələrini bölüşüblər.

Sonda Nizami rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva Azərbaycan dilinin zənginliyi və zərifliyi barədə fikirlərini bölüşüb, bütün qonaqlara minnətdarlığını bildirib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir