Təhsil

Azərbaycan Dövlət Pedaqoji Universitetinin yubiley xərcləri-NONSES

Sharing is caring!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ilə bağlı elan etdiyi müsabiqələrin qalibləri məlum olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubilyei ilə bağlı elan etdiyi müsabiqələrin qalibləri “Beynəlxalq Layihələr Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və “Azərbaycan Film Akademiyası” MMC olub. 09.12.2021-ci il tarixdə start götürən müsabiqələrə 21.02.2022-ci ildə yekun vurulub.
“Beynəlxalq Layihələr Xidməti” MMC Azərbaycan Dövlət Pedaqoji Universitetinin sifarişi ilə 100 illik yubileyin təşkili üzrə xidmətləri həyata keçirəcək və qarışılığında 56463 manat alacaq.

“Azərbaycan Film Akademiyası” MMC isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin sifarişi ilə 100 illik yubiley ilə bağlı sənədli filmin çəkilişini həyata keçirəcək və qarışılığında 23280 manat alacaq.

Bu əməkdaşlıqlar barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,… Azərbaycan Dövlət Pedaqoji Universiteti bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlərin həcmi barədə məlumat verilmədən…(?) Azərbaycan Dövlət Pedaqoji Universiteti bu MMC-ləri seçib və toplam 79743 manat büdcə vəsaitini etibar edib…

Azərbaycan Dövlət Pedaqoji Universiteti həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir… Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir…

Elə isə sual olunur: Azərbaycan Dövlət Pedaqoji Universiteti nədən bu qanunu “unudub” və müvafiq tender sorğusu baş tutmadan hansısa şirkətlərlə birbaşa müqavilə bağlayıb? Burada hansı bir istisna mümkündür ki? Həm də, tələm-tələsik-bir ay ərzində???

Amma suallar bununla bitmir…Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru hörmətli Cəfər Cəfərova elektron sorğu ünvanladıq. Qarşı tərəfin cavabı isə belə oldu: 24.01.2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinə ünvanlamış olduğunuz elektron sorğuya cavab olaraq bildirmək istəyirik ki, universitetin 100 illik yubiley mərasiminin keçirilməsi ilə bağlı “Beynəlxalq Layihələr Xidməti” MMC və sənədli filmin çəkilişi üçün “Azərbaycan Film Akademiyası” MMC ilə müqavilə imzalamaq məqsədilə “Dövlət satınalmalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət olunmuş, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində müraciətə aidiyyəti üzrə baxılaraq bir mənbədən satınalma metodunun tətbiqinə razılıq verilmişdir.

Göründüyü kimi, cavabı ətraflı, qaneedici saymaq çətindir… Ünvanladığımız 6 sualın heç birinə cavab ala bilmədik(?)

“Beynəlxalq Layihələr Xidməti” MMC ilə əlaqə yarada bilmədik. Heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmədik(?) “Azərbaycan Film Akademiyası” MMC ilə isə əlaqə yarada bilsək də, suallarımıza cavab verə biləcək məsul şəxslə danışa bilmədik.

Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.

Mövzunun davamı olacaq. //Yenixeber.org//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.