Tədbirlər

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi qaydaları haqqında maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi əməkdaşları ilə birgə iyulun 3-də Səbail rayonundakı 2 saylı şəhər poliklinikasında maarifləndirmə tədbiri keçirib.

FHN-dən APA-ya bildiriblər ki, tədbirdə fotoslaydların müşayiətilə “Dəm qazı təhlükəsi”, ”Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxış edilib, həmçinin müəssisənin yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin və yanğın zamanı insanların binadan təxliyə planlarının vacibliyi diqqətə çatdırılıb.

Çıxışlarda pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının zəruriliyi də vurğulanıb.

Toplantıda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər tədbir iştirakçılarına paylanıb və “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası rəhbərliyə təqdim olunub.